Bayraqdar.info – Norveçin paytaxtı Oslo şəhərində keçirilən güləş üzrə dünya çempionatında diaspor üzvlərinin Azərbaycan və Türkiyə milli komandalarını dəstəkləməsi Norveç mediasının diqqətini cəlb edib.
Bu barədə bayraqdar.info-ya oktyabrın 11-də Diasporla İş üzrə Dövlət Komitəsindən məlumat verilib.
Bildirilib ki, “CAN” diaspor təşkilatının sədri Şervin Nəcəfpur Norveçin milli teleradio şirkətinin (NRK) əməkdaşlarına müsahibə verib. Müsahibəsində o, bildirib ki, çempionatda möhtəşəm enerji hökm sürür: “Bizim üçün Azərbaycan və ya Türkiyə pəhləvanlarının qalib gəlməsinin heç bir fərqi yoxdur. Çünki biz “bir millət, iki dövlət”i təmsil edirik”.
Vurğulanıb ki, Azərbaycan diasporunun fəalları ilə birlikdə çempionatı izləyən Türkiyənin Norveçdəki səfiri Fazlı Çorman da NRK-ya müsahibəsində Azərbaycan və Türkiyə güləşçilərinin iştirakını yüksək qiymətləndirib. O, hər iki yığma komandaya dəstəyini ifadə edib. “Bir millət, iki dövlət”i təmsil etdiyimizdən ölkələrimiz bir-birinə çox yaxındır. Ona görə də bu gecə həm qızıl, həm də gümüş medal qazandıq”, – deyə türkiyəli səfir vurğulayıb.
Qeyd edək ki, dünən başa çatan dünya çempionatında Azərbaycan yığması 1 qızıl, 1 gümüş və 2 bürünc medalla 107 xal toplayıb və komanda hesabında dünya üçüncüsü olub. Rusiya (152) birinci, İran (146) isə ikinci pillədə qərarlaşıb. Beləliklə, komandamız 6 illik fasilədən sonra DÇ-də ilk 3-lükdə qərarlaşıb. Bundan başqa, Azərbaycan yunan-Roma güləşi tarixində ilk dəfə DÇ-də 4 medal qazanıb ki, bu da rekord nəticədir.