Press "Enter" to skip to content

Başqırdıstan Respublika Gününü qeyd edir

Bayraqdar.info – Oktyabrın 11-də qardaş Başqırdıstan Respublikası milli bayramını – Respublika Gününü qeyd edir.

31 il öncə, 1990-cı ilin 11 oktyabrında Başqırdıstan Ali Soveti Başqırdıstan Muxtar Sovet Sosialist Respublikasının adını dəyişərək öncə Başqırdıstan Sovet Sosialist Respublikası, sonra isə sadəcə “Başqırdıstan Respublikasının dövlət suverenliyi haqqında” bəyannamə qəbul edib.

Sovet Rusiyasının Federasiya subyekti olan Başqırdıstan sonrakı mərhələdə müstəqillik üçün çarpışsa da Kreml buna imkan verməyib və bu gün də bu qardaş Respublika Rusiyanın tərkibində kağız üzərində müstəqil subyekt kimi qalır.

Ciddi iqtisadi imkanları olan Başqırdıstanın sərvətləri hələ də Moskva tərəfindən idarə edilir, başqırd dili sıxışdırılır, Respublikada zorla rus dilinin üstünlüyü qorunur.

Hələ bu azmış kimi, başqırdların digər türk xalqları kimi latın əsaslı əlifbaya keçməyə çalışması da Moskva tərəfindən rəsmən yasaqlanıb. Rusiya Federasiyası qanun çıxararaq bütün xalqların, o cümlədən başqırdların kirildən başqa hər hansı əlifbadan istifadəsinə rəsmi qadağa qoyub.

Bununla belə başqırdlar kağız üzərindəki suverenliyi gerçəkliyə çevirmək üçün mübarizədən bir gün də geri çəkilmir. İndinin özündə belə milli qüvvələr Başqırdıstanın tam müstəqilliyi üçün mücadilə aparır. Bu isə Moskvanın tətbiq etdiyi basqılar və həbslərlə müşayiət olunur.

Hazırda Başqırdıstanda milli azadlıq hərəkatı vüsət almaqdadır.

Yeri gəlmişkən, BashInform-un yaydığı xəbərə görə, oktyabrın 11-də Respublikada nisbətən məhdud olsa da bayram tədbirləri keçiriləcək.

Bunlar əsasən kənd təsərrüfatı yarmarkaları, gəzintilər, ayrı-ayrı konsertlər, idman yarışları şəklində olacaq. Lakin koronavirus məhdudiyyətləri üzündən daha böyük tədbirlərin keçirilməsi nəzərdə tutulmur.

Mission News Theme by Compete Themes.