Bayraqdar.info – “Azərbaycanın ötən il Vətən savaşında əldə etdiyi Zəfər bizi çox sevindirdi. Bu da təbiidir. Çünki biz qardaşıq. Bu baxımdan Azərbaycanın hər bir zəfəri bizim zəfərimiz, bizim zəfərimiz isə Azərbaycanın zəfəridir. Bütün dünya da bunu bilməlidir.”
Bunu bayraqdar.info-ya özəl açıqlamasında Eskişehirin tanınmış ziyalılarından biri, dünyada ilk Çingiz Aytmatov muzeyinin yaradıcı Oral Büyüksarı deyib.
O, Azərbaycanın ötən il 44 günlük Vətən savaşında qazandığı qələbənin Türkiyənin hər yerində olduğu kimi Eskişehirdə də böyük coşqu ilə qarşılandığını bildirib: “Bu, təkcə Azərbaycanın deyil, eyni zamanda, türklüyün zəfəri idi. Biz eskişehirlilər də bu tarixi Zəfər münasibətilə bir daha azərbaycanlı qardaşlarımızı təbrik edirik. Onu da deyim ki, biz təkcə sevinməklə kifayətlənmirik. Əgər bu gün Azərbaycan yenə müharibəyə başlasa dərhal Azərbaycana gedib qardaşlarımızla çiyin-çiyinə döyüşməyə hazırıq. Bilirik ki, eyni şəkildə də Azərbaycan hər zaman bizim yanımızdadır.Ümumiyyətlə, Azərbaycanla Türkiyə qardaş ölkələr olmaqla yanaşı, həm də pis günün dostlarıdır. Yaxşı gündə dost olmaq asandır. Əsas odur ki, pis gündə dost kimi qala biləsən. Bu iki qardaş ölkə bu məsələdə də dünyaya örnəkdir”.
Türkiyə-Azərbaycan qardaşlığının türk dünyasının daha da birləşməsi üçün təkan rolunu oynadığını deyən O.Büyüksarı daha sonra bildirib: “Azərbaycanla Türkiyə birlikdə daim irəli gedəcək və bu birlik türk dünyasının inteqrasiyasının dərinləşməsinə də təkan verəcək. Bu birlikdən güc alan türk dünyası 2023-cü ildən sonra dünyada yeni bir iqtisadi güc olaraq önə çıxacaq. Çünki biz “Dildə, fikirdə, işdə birlik” fəlsəfəsi əsasında hərəkət edirik. Türk dünyası məhz bu fəlsəfə əsasında inkişaf edəcək. Bir olsaq dünyada heç bir güc bizə qalib gələ bilməz”.