Bayraqdar.info – Diasporla İş üzrə Dövlət Komitəsində Azərbaycanda səfərdə olan bir qrup diaspor nümayəndəsi ilə görüş keçirilib.
Bu barədə bayraqdar.info-ya oktyabrın 9-da Diasporla İş üzrə Dövlət Komitəsindən məlumat verilib.
Bildirilib ki, öncə Birinci və İkinci Qarabağ müharibəsi şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad olunub. Sonra komitə sədri Fuad Muradov diaspor nümayəndələrini Bakıda salamlamaqdan məmnun olduğunu bildirib.O, Vətən müharibəsi zamanı Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması işində göstərdikləri fədakar fəaliyyətə görə diaspor nümayəndələrinə təşəkkürünü bildirib.
Komitə sədri həmvətənlərimizi Prezident İlham Əliyevin tövsiyə və tapşırıqlarına uyğun olaraq müxtəlif ölkələrdə açılan “Azərbaycan evləri”nin və Koordinasiya şuralarının, Birinci vitse-prezident Mehriban Əliyevanın təşəbbüsü ilə yaradılmış “Qarabağ məktəbləri”nin fəaliyyətində yaxından iştiraka dəvət edib, yaşadıqları ölkələrin cəmiyyətlərinə fəal inteqrasiya olmağa çağırıb. Diaspor fəaliyyətinin milli-mənəvi dəyərlərimiz əsasında sistemli şəkildə həyata keçirilməsinin, lobbiçilik sahəsində hədəflərə doğru məqsədəuyğun şəkildə irəliləməyin, yerli media ilə sıx əməkdaşlığın önəmi və digər vacib məqamlar tədbir iştirakçılarının nəzərinə çatdırılıb.
Çıxışdan sonra diaspor nümayəndələrinin apardığı müzakirələr zamanı Dövlət Komitəsinin diaspor birliyi və həmrəyliyinə yönəlmiş addımları yüksək qiymətləndirilib. Həmçinin, diaspor təşkilatlarının və “Azərbaycan evləri”nin gələcək fəaliyyəti ilə bağlı müxtəlif təkliflər irəli sürülüb.
Tədbirdə Komitənin fəaliyyəti ilə bağlı hesabat təqdim edilib, diaspor nümayəndələrinin Şuşaya səfərlərinə həsr edilmiş videoçarxlar nümayiş olunub.