Son yeniləmə: 8 Oktyabr 2021 17:08
Bayraqdar.info – Üzümçülük və Şərabçılıq Elmi-Tədqiqat İnstitutunun Ampeloqrafik Kolleksiya bağında torpaq becərmə işlərinə başlanılıb, cərgə aralarına gübrə verilərək dərin payız şumu aparılır.
Kənd Təsərrüfatı Nazirliyindən bayraqdar.info-ya verilən xəbərdə bildirilir ki, üzüm bağlarında payız becərmələri ilə bağlı fermerlərə tövsiyələr verilib.
“Üzümçülükdə aqrotexniki tədbirlər əsasən üzümün biologiyasına, aqroekologiyasına və fenoloji fazalarının inkişaf və davametmə xüsusiyyətlərinə görə aparılır. Bu xüsusiyyətlər isə ilin hava şəraitindən, bölgənin torpaq-iqlim şəraitindən və s. asılı olaraq dəyişir. Suvarılan rayonlar torpaq payız-qış, yaz, yay becərmələrindən və cərgə aralarında torpağın dərin yumşaldılmasından ibarətdir. Torpağın becərilməsi zamanı tənəyin qidalanması üçün əlverişli şərait yaradılır, üzüm bağlarında olan alaq otları məhv edilir, torpaqda rütubət toplanır və qorunub saxlanır, havalanma yaxşılaşır, torpaqdan karbon qazının ayrılması təmin edilir.
“Üzüm altındakı torpaqların becərilməsində payız becərilməsi əsas yer tutur. Vegetasiyanın sonuna yaxın payızda üzümlükdə torpağın üst qatı bərkiyir və ehtiyat nəmlik tükənməyə başlayır. Bu vəziyyətdə torpaq suyu pis keçirir, çox vaxt torpağın səthi ilə su axmağa başlayır. Əsas üzümçülük rayonlarında payız-qış ayları çox vaxt yağmurlu keçir. Yağış sularının torpağa hopdurulub onda nəmlik ehtiyatını yaratmaq üçün payız-qış ayları torpaq dərindən becərilməlidir. Üzümlüklərdə torpağın payız dövrü becərilməsində cərgə aralarını 20-25 sm dərinliyində şumlamaq (altını üstə çevirmək) ən mühüm tədbirlərdən biridir. Tənəklərin dibləri də bellənərək (20-25 sm dərinliyində) torpaq çevrilir. Üzümlüklərdə torpağın payız şumu Azərbaycanın bütün rayonlarında oktyabr və noyabr aylarında başa çatdırılmalıdır”, – deyə Nazirlikdən fermerlərə tövsiyə edilib.
Daha sonra xəbərdə o da bildirilir ki, payız şumu dövründə üzümlükdə əsas gübrələmə işləri də aparılır.