Press "Enter" to skip to content

Molla rejiminin “əzələ” nümayişindən Bütöv Azərbaycana…

Faiq Ələkbərli

Faiq Ələkbərli (Qəzənfəroğlu),
AMEA Fəlsəfə və Sosiologiya İnstitutunun aparıcı elmi işçisi, BAO-nun Türk dünyası ilə əlaqələr üzrə sədr müavini, dosent, fəlsəfə üzrə fəlsəfə doktoru

Hələ, 2-ci Qarabağ Vətən müharibəsi dövründə İran adlanan ölkənin Azərbaycan Respubllikasına qarşı ikiüzlü əməllərinin dəfələrlə şahidi olduq. Belə ki, müharibəyə qədər Ermənistana işğalçı, separatçı rejimə terrorist deməyib savaş dövründə Azərbaycan ordusunun işğaldan azad etdiyi bölgədə təfkirçi terrorçu qruplaşma axtaran ölkənin İran olması təsadüfi deyildi.

Bu ölkə, çox təəssüflər olsun ki, İran 1-ci Qarabağ Vətən müharibəsində olduğu kimi, 2-ci Qarabağ Vətən müharibəsində də açıq olmasa da, dolayısıyla Ermənistana hərbi yardımlar etdi. Bütün bunlar o anlama gəlir ki, Azərbaycan ordusunun 2-ci Qarabağ Vətən müharibəsində əldə etdiyi uğurlar yalnız işğalçı Ermənistana deyil, onu pərdə arxasında dəstəkləyən İran İslam rejiminə də ciddi zərbə olub. Ona görə də, 44 günlük müharibə dövründə və sonrasında rəsmi Tehranın yüksək çinli rəhbərlərinin Azərbaycanın işğaldan azad etdiyi ərazilərdə, guya əvvəlcə hansısa terrorçu təfkirçi qrupların, son günlərdə isə İsrailə aid hərbi qüvvənin olduğunu iddia etmələri təsadüfi deyildi. Halbuki İran İslam rejimi yaxşı bilir ki, bu bölgədə bir terror qruplaşması və terrorist ölkə varsa, o da Ermənistandır! Həmin terrorçu Ermənistanı dəstəkləyənlərdən biri də bu və ya digər formada elə İran İslam rejiminin özüdür.

Bizcə, əgər İran adlanan ölkə Azərbaycan adlı odla oynamağa davam edəcəksə, oynadığı od onun özünü yandıracaqdır. Yəni Təbrizin, bütövlükdə Güney Azərbaycan türklərinin ayaqlanması ilə molla rejiminin ömrü sona çatacaqdır. Hər halda, 44 günlük müharibəyə qədər Ermənistana işğalçı, separatçı rejimə terrorist deyə bilməyən, həmin sərhəd boyunca hərbi təlim keçməyən rəsmi Tehranın, Azərbaycan ordusunun işğaldan azad etdiyi bölgədə əvvəlcə terrorçu qruplaşmalar, daha sonra da üçüncü ölkəyə aid hərbi qüvvə axtarması və hərbi təlimlər keçməsi heç bir məntiqə və qonşuluq münasibətlərinə sığışmır.

Görünür ki, 2-ci Qarabağ Vətən müharibəsindən sonra xalq arasında Bütöv Azərbaycan ideyasının daha da populyarlaşması, üstəlik Azərbaycan, Türkiyə və Pakistan arasında üçtərəfli Baki sazişinin imzalanması İran İslam rejimini Ermənistandan daha çox narahat etməkdədir. Əlbəttə, bu günə qədər və indinin özündə də rəsmi Bakı hər zaman İran adlanan ölkənin rəhbərliyi ilə münasibətdə həssas olmağa çalışmışdır. Ancaq molla rejimi həddini aşdığı üçün Türkiyə və Pakistanla hərbi birliyi gücləndirən Azərbaycanın rəsmi Tehranla münasibətlərinə yenidən baxması təbiidir.

Özəlliklə, 2-ci Qarabağ müharibəsindən sonra İranın Azərbaycandakı tör-töküntüləri ilə bağlı müəyyən tədbirlər görməyə başlayan rəsmi Bakı bütün bunlarla yanaşı, Güney Azərbaycandakı soydaşlarımızın milli haqları uğrunda apardığı mübarizəyə də artıq biganə qalmamalıdır. Hər halda 30 il bundan əvvəl İran İslam rejiminin Azərbaycana humanitar yardım etmək, azərbaycanlılara İslam dininin şəri qanunlarını öyrətmək bəhanəsi ilə özünə dayaq mərkəzləri yaratması, bəzi insanlarımızın şüurlarını irançılıqla, iran şiəçiliyi ilə zəhərləməsi hər kəsə bəllidir.

Bizcə, artıq Azərbaycan Respublikasının təbii haqqıdır ki, İranın ölkəmizdəki şər yuvalarını bağlamaqla yanaşı, eyni zamanda bütün dünya azərbaycanlılarına, o cümlədən Güney Azərbaycan türklərinə açıq şəkildə arxa, dayaq olsun. Unutmayaq ki, 1-ci Qarabağ müharibəsində olduğu kimi, 2-ci Qarabağ müharibəsində də Güney Azərbaycan türkləri Azərbaycan xalqının yanında olduqlarını dəfələrlə ifadə etdilər. Belə ki, Güney Azərbaycan türkləri Quzey Azərbaycan xalqına həmrəylik üçün, eyni zamanda İran İslam rejiminin gizli yollarla Ermənistana hərbi yardım etməsinə etiraz olaraq Təbrizdə, Urmiyada, Ərdəbildə, Xoyda və başqa şəhərlərimizdə yürüş və mitinqlər keçirdilər.

Məlum olduğu kimi, Güney Azərbaycan türklərinin milli iradəsi sayəsində müharibə dövründə rəsmi Tehran bir çox hallarda Ermənistana hərbi yardım etməkdən geri addım atmağa məcbur olsa da buna bütövlükdə son verməyib. Belə ki, 2-ci Qarabağ Vətən müharibəsi bitdikdən sonra da İran İslam rejimi tərəfindən Azərbaycana münasibətdə xoşa gəlməyən addımlar və hərəkətlər davam etdirilib və etdirilir də. Bəzi hallarda özlərini dünənə qədər Azərbaycana münasibətdə xeyirxah kimi göstərmək istəyən İran İslam rejiminin, əslində əsas hədəfi Azərbaycanın qələbəsinə kölgə salmaq, bunun müqabilində də Ermənistanı və separatçı rejimin tör-töküntülərini yenidən gücləndirməkdir.

44 günlük müharibədən sonra ötən bir il ərzində rəsmi Tehranın durmadan Ermənistana və hazırda Rusiya sülhməramlılarının müvəqqəti nəzarəti altında olan Xankəndinə yüzlərlə TIR vasitəsilə hər cür yardımlar etməsi rəsmi Bakının səbrini daşırıb. Bu baxımdan rəsmi Bakının alternativ tədbirlər görərək İranın ikiüzlülüyünə qarşı real addımlar atması təbiidir. Heç bir dövlətin, o cümlədən də İranın Azərbaycanın icazəsi olmadan onun dövlət sərhədlərini pozması qəbuledilməzdir.

2-ci Qarabağ Vətən müharibəsinin nəticəsindən heç də Ermənistandan az olmayaraq özünü məğlub hesab edən İran İslam rejimi bilməlidir ki, artıq onların əsl mahiyyəti hər kəs üçün bəllidir. 44 günlük müharibədə Azərbaycanın qələbə əldə etməməsi üçün daşıdığı “İran İslam” adını zərbə altında qoyan rəsmi Tehranın, savaş dövründə özünü bir islam dövlətindən daha çox, etnik-irqçi bir dövlət kimi aparması da gün kimi aydındır. Başqa sözlə, 44 günlük müharibədə və müharibədən sonra hər şeydən əvvəl İran İslam rejimi Azərbaycanla münasibətdə nə İslam dininə, nə şiəlik məzhəbinə, nə də insanlığa uyğun hərəkət etməyib. Üstəlik, İran İslam rejimi din-məzhəb baxımından ondan uzaq olan Ermənistana və qondarma rejimin tör-töküntülərinə bu və ya digər formada dəstək verməyə davam etməsi ilə yanaşı, Azərbaycanın işğaldan azad etdiyi ərazilərlə sərhəd boyunca hərbi təlimlər keçirməsilə son nöqtə də qoyulub.

Yeri gəlmişkən, molla rejimi unutmamalıdır ki, bu gün İran adından həmin hərbi təlimlərdə iştirak edən zabitlər və əsgərlər arasında minlərlə azərbaycanlı, Azərbaycan türkü də vardır. Şübhəsiz, ən son məqamda və qırmızı xətt bəlli olanda, onların böyük çoxluğu Azərbaycan Respublikası ordusuna qoşulacaq və Bütöv Azərbaycan ordusu meydana çıxacaq, yaranacaqdır. Bununla da, Bütöv Azərbaycan ordusunun tarixi-coğrafi Azərbaycanın tamamına sahib çıxması gerçəkliyə çevriləcəkdir.

Əslində rəsmi Tehranın bir tərəfdən Azərbaycan sərhədlərində hərbi təlimlər keçirməsi, digər tərəfdən molla rejiminin nümayəndələrinin Azərbaycan dövlətinə qarşı hədyanlar yağdırması bardağı daşıran son damla olmuşdur. Bu baxımdan xüsusilə də son günlərdə rəsmi Tehranın bəzi rəhbər adamlarının və ona bağlı medianın Azərbaycan Respublikasına, onun dövlət başçısı İlham Əliyevə qarşı apardığı qeyri-etik, insanlqıdan uzaq əməlləri təsadüfi deyil. Bütün bunlar Təbrizin dəmir yumruğunu yenidən hiss etməyə başlayan molla rejiminin Azərbaycan Respublikası qarşısında “əzələ” nümayişi, düşdükləri çarəsiz durumun son akkordlarıdır.

Molla rejimi unutmamaldır ki, İlham Əliyev yalnız 10 milyonlıq Azərbaycan Respublikasını və onun əhalisini deyil, 60 milyonluq Azərbaycan xalqını təmsil edir. Əgər rəsmi Tehran hədələrinə və həyasızlığına davam edərsə, milyonlarla Güney Azərbaycanlı – Azərbaycan türkü dünya azərbaycanlılarının lideri İlham Əliyevin ağzından çıxacaq bir kəlmə ilə, çağırışla molla rejimimin altını üstünə çevirmək iqtidarındadır.

Molla rejimi unutmamalıdır ki, indi İran adlanan ölkədə ən azından son min ildə hökm sürən Azərbaycan türkləri – azərbaycanlılar olub və çox yaxın zamanlarda hər şeyin əvvəlki kimi olması ehtimalı çoxalmaqdadır. Ona görə də bu gün onların Azərbaycana, onun dövlət başçısına qarşı həyasızlıq etmələri, hədyanlar yağdırmaları bumeranq kimi özlərinə qayıdacaqdır. Ən azından bu cür həddini aşmalar yalnız Güney Azərbaycandakı milli hərəkatı gücləndirməyəcək, eyni zamanda Təbrizin dəmir yumruğunun tez bir zamanda molla rejiminin başında yenidən işə düşməsini də sürətləndirəcəkdir. Bir sözlə, rəsmi Tehran hər gün bir addım da irəli gedən, hər gün daha da güclənən Azərbaycanla hədələyici və qeyri-etik dildə danışmağın ağır nəticələrini ya dərk edib rəsmi Bakıdan üzr istəməli, ya da bunun ağır sonucları ilə barışmalı olacaqdır.

Biz, Bütöv Azərbaycan Ocaqları (BAO) olaraq rəsmi Tehranın bu cür həyasızlığının, hədələrinin, qeyri-etik hərəkətlərinin nəticəsi kimi Güney Azərbaycan milli hərəkatının yaxın gələcəkdə güclənməsinə və 60 milyonluq Azərbaycan xalqının tək yumruq olmasına zərrə qədər də olsun şübhə etmirik.

Bizcə, sadəcə, mümkün olduğu qədər Güney Azərbaycan milli hərəkatının böyük bir coğrafiyanı özündə əks etdirməsi çox zəruridir. Çünki bu, gələcəkdə həm Güney Azərbaycan Milli hərəkatının yayılma ərazisinin müəyyənləşməsində, həm də ona qonşu olacaq digər Türk xalqları ilə münasibətlərin qurulmasında mühümdür. Bu baxımdan Güney Azərbaycan türklərinin milli hərəkatı yalnız Güney Azərbaycan coğrafiyası ilə məhdudlaşmamalıdır. Bu hərəkatın coğrafiyasını Türkmənsəhraya, Xorasana, Qaşqay elinə, Əhvaza qədər genişləndirmək lazımdır.

Hər halda, özünü Güney Azərbaycan coğrafiyasından kənarda görən türk elləri ilə də iş birliyi içərisində olmalıyıq ki, Bütöv Azərbaycan dövləti qurulan zaman, onlar istəsələr bu dövlətin tərkibində muxtar olaraq yaşamağa davam edərlər, ya da ən yaxın müttəfiq şəklində.

Bütöv Azərbaycan dövlətinin coğrafiyasını birincisi, Güney Azərbaycan milli hərəkatının mücadilə sahəsi, ikincisi də türk xalqlarının hansı şəkildə Bütöv Azərbaycan dövləti ilə yollarını davam etdirməsi müəyyənləşdirəcək.

Əlbəttə, biz Bütöv Azərbaycan Ocaqları (BAO) olaraq bütöv bir Azərbaycan türk dövlətindən yanayıq. Bunu bizim çızdığımız Bütöv Azərbaycan Ocaqlarının xəritəsindən də aydın görmək mümkündür. Yəni mümkün olduqca böyük bir coğrafiyada Azərbaycan Türk dövlətini ortaya qoymaq əsas hədəfimizdir. Çünki kiçik dövlətlər hər daim böyük dövlətlərin təhdidi altında olur. Böyük bir Azərbaycan türk dövləti qurmalıyıq ki, artıq bütün təhdidlərə son qoyulsun və Turanın, Türk birliyinin də qapısı aralansın…

Mission News Theme by Compete Themes.