Bayraqdar.info – Oktyabrın 5-də Moldovada Baş Prokuror, gagauz əsilli Aleksandr Stoyanoğluya qarşı cinayət işi başlanılıb. Buna qədərsə o, vəzifəsindən azad edilib. Az sonra A.Stoyanoğlu və xanımı rəsmən həbs edilib.
Bu haqda xəbəri Moldova mediası yayıb.
Xəbərlərdə deyilir ki, A.Stoyanoğluya qarşı bu sərt tədbir onun korrupsiya əməllərində ittiham edilməsilə bağlıdır. İddia edilir ki, o, milyardlarla dolların mənimsənilməsinə şərait yaradıb, özü də korrupsiyaya bulaşıb.
Lakin görünən odur ki, Moldovada heç də hamı belə düşünmür. Bir sıra təhlilçilərin fikrincə, A.Stoyanoğlunun başına gələnlər ölkə Prezidenti Maya Sandu ilə aralarında olan və kökü dərinlikdə olan şəxsi narazılıqlardan qaynaqlanır.
A.Stoyanoğlunun haqsız yerə təqibə məruz qaldığını düşünənlərdən biri də Gagauz Yerinin Başqanı İrina Vlahdır. O, sosial mediada yayımladığı videoda bununla bağlı rahatsızlığını dilə gətirərək A.Stoyanoğlu və xanımına qarşı atılan addımları kəskin tənqid edib.
İ.Vlah eyni zamanda Moldova rəhbərliyini də kəskin tənqid edərək ölkəni geri aparmaqda suçlayıb.
Belə anlaşılır ki, Moldova dövləti bir gagauzun Baş Prokuror vəzifəsini daşımasına dözə bilmir…