Press "Enter" to skip to content

“eTwinning Plus” layihəsi üzrə seminar keçiriləcək

Bayraqdar.info – 11-13 oktyabr tarixlərində “eTwinning Plus” layihəsi çərçivəsində Azərbaycan və Türkiyə arasında ikitərəfli seminarın keçirilməsi nəzərdə tutulub.

Təhsil Nazirliyindən bayraqdar.info-ya oktyabrın 8-də verilən məlumatda belə deyilir.

“Media savadlılığı və dezinformasiya” mövzusunda təşkil olunacaq seminarın məqsədi hər iki ölkədə beynəlxalq ortaq təhsil layihələrinin icrası, həmçinin, “Avropa eTwinning” ölkələrində təhsil sahəsində birliyin davam etdirildiyini nümayiş etdirməkdir.

“Seminar çərçivəsində Türkiyədən 36 məktəb müəllimi, 36 nəfər yerli müəllim üçün media savadlılığı, dezinformasiyanın qarşısının alınması, rəqəmsal bacarıqlar, layihə əsaslı təhsil və müəllimlərin XXI əsr bacarıqlarını inkişaf etdirəcək müxtəlif təlimlər və müzakirələr təşkil olunacaq. Təlimlər yerli və türk mütəxəssislər tərəfindən aparılacaq. Tədbirdə Türkiyə Milli Təhsil Nazirliyi rəsmilərinin də iştirakı gözlənilir.

“Qeyd edək ki, Azərbaycan 2013-cü ildən etibarən “eTwinning Plus” layihəsində iştirak edir. Layihə Avropa İttifaqının Fasiləsiz Təhsil Proqramının “eTwinning” layihəsinin tərkib hissəsidir. Layihənin əsas məqsədi proqramda iştirak edən 40-a yaxın Avropa ölkəsindən olan pedaqoji işçilər arasında ünsiyyəti artırmaq, əməkdaşlıq imkanları yaratmaq, həmçinin birgə təhsilin inkişafı yönümündə müxtəlif layihələr icra etmək üçün şərait yaratmaqdır. Layihə çərçivəsində ölkədən indiyədək 927 məktəbdən 3 min 224 müəllimin iştirakı ilə 3 min 432 təhsil layihəsi həyata keçirilib, bir çox yüksək beynəlxalq nailiyyətlər əldə edilib və Avropa ölkələri ilə eyni səviyyədə rəqabət aparılıb”, – deyə məlumatda bildirilir.

Mission News Theme by Compete Themes.