Press "Enter" to skip to content

Bölgələrdə fermerlərin maarifləndirilməsi davam edir

Bayraqdar.info – Dövlət Toxum Fondu və Əkinçilik Elmi-Tədqiqat İnstitutunun birgə tərəfdaşlığı ilə Respublikanın müxtəlif bölgələrində payızlıq əkinlərdə fermerlərin maarifləndirilməsi ilə bağlı təlim-seminarlar davam edir.

Növbəti təlim-seminar Tovuz Toxum Emalı Zavodunda keçirilib. Seminarda Fondun mütəxəssisləri, ƏETİ-nin alimləri, bölgə fermerləri, toxumçular, təsərrüfat rəhbərləri iştirak ediblər.

Bu barədə Kənd Təsərrüfatı Nazirliyindən bayraqdar.info-ya oktyabrın 8-də məlumat verilib.

Məlumatda bildirilir ki, seminarda iştirakçılara payızlıq taxıl səpinində aqrotexniki tədbirlərin vaxtında və düzgün aparılması barədə ətraflı məlumatlar verilib. Təlimdə iştirak edən fermerlərə bölgədə kənd təsərrüfatı bitkilərindən yüksək məhsul alınmasını təmin edən becərmə texnologiyalarının tətbiq edilməsi və səpinin yüksək keyfiyyətlə aparılmasına nail olmaq üçün ən son elmi nəaliyyətlər barədə təqdimatlar olub. Eyni zamanda, bölgənin torpaq-iqlim şəraitinə uyğun, yüksək məhsuldar və keyfiyyətli buğda və arpa sortlarının bioloji xüsusiyyətləri, səpin müddəti, səpin normaları, gübrə normaları və s.haqqında fermərlərə ətraflı məlumatlar verilib.

Təlimdə fermerləri maraqlandıran suallar ətraflı cavablandırılıb və geniş müzakirələr aparılıb, maarifləndirici kitabçalar paylanılıb.

Sonda Tovuz Toxum Emalı Zavodunun fəaliyyəti ilə tanışlıq olub.

Təlimlərin növbəti həftədə Xaçmaz, Ağcabədi və Şəki rayonlarında keçirilməsi nəzərdə tutulub.

Mission News Theme by Compete Themes.