Bayraqdar.info – 2021-ci ilin yanvar-sentyabr aylarında “Azərsu” Açıq Səhmdar Cəmiyyəti abunonentlərinin sayı 55 min 709 nəfər və ya 3,5 faiz artıb. 1 oktyabr tarixinədək ölkə üzrə 1 milyon 663 min 320 abonent su və kanalizasiya xidmətlərinin istifadəçisi kimi qeydiyyata alınıb.
Bu barədə bayraqdar.info-ya oktyabrın 8-də “Azərsu” ASC-nin İctimaiyyətlə əlaqələr şöbəsindən bildirilib.
Qeyd edilib ki, abonentlərin 1 milyon 598 min 908-i və ya 96,1 faizini əhali, 64 min 412-i və ya 3,9 faizini isə qeyri-əhali qrupu təşkil edir. Hesabat dövründə əhali qrupu abunəçilərinin sayı 53 min 431 və ya 3,5 faiz, qeyri-əhali qrupu abunəçilərinin sayı isə 53 min 431 və ya 3,7 faiz artıb.
Bildirilib ki, 9 ay ərzində abonent sayında artım əsasən yeni layihələrin icrası nəticəsində istehlakçıların mərkəzləşdirilmiş içməli və tullantı su şəbəkələrinə qoşulması, yeni tikilmiş fərdi yaşayış evləri sahiblərinin texniki şərt alaraq abonent kimi qeydiyyata düşməsi, həmçinin içməli su və kanalizasiya xidmətlərindən qeyri-qanuni istifadə hallarının aşkarlanaraq qeydiyyata alınması hesabına baş verib.
1 oktyabr tarixinə “Azərsu” ASC abonentlərinin 86,9 faizi sayğacla təmin olunub. Hazırda əhali qrupu abonentləri üzrə sayğaclaşma səviyyəsi 86,7 faiz, qeyri əhali qrupu üzrə isə 94,4 faiz təşkil edir.