Bayraqdar.info – 17 oktyabr “Ümumdünya Yoxsulluqla Mübarizə Günü”nə həsr olunmuş “Yoxsulluğu Yenidən Araşdır” kampaniyası çərçivəsində yeni tədqiqat işi müsabiqəsinə başlanılır.
Müsabiqə Gənclər və İdman Nazirliyi, BMT-nin İnkişaf Proqramının ortaq layihəsi olan Dayanıqlı İnkişaf Məqsədləri üzrə Gənc Səfirlər, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və ADA Universiteti ilə birgə keçirilir.
Xəbər bayraqdar.info-ya oktyabrın 7-də Gənclər və İdman Nazirliyindən verilib.
“İnsanları yoxsulluq, onun səbəblərinə və təsir etdiyi sahələrə yeni prizmadan yanaşmağa sövq etmək və ictimai məlumatlılığı təmin etmək məqsədilə keçirilən müsabiqədə 14-29 yaş arası gənclər, aşağıdakı mövzulardan hər hansı biri ilə bağlı fikir və araşdırmalarını yazılı şəkildə təqdim etməyə dəvət olunur.
“Mövzular belədir: “Yoxsulluğu necə anlayıram”; “Su qıtlığının yoxsulluq səviyyəsinə olan mümkün təsirləri” (Gender bərabərliyi, Təhsil və Sağlamlıq problemləri ilə əlaqədar olaraq); “Əlilliyi olan və xüsusi qayğıya ehtiyacı olan insanların inkişafına maneə”; “Kənd təsərrüfatında fəaliyyət göstərən qadınların yoxsulluğun azaldılmasındakı rolu” (xüsusi bölgə və ya kənd təsərrüfatı üzrə tədqiqat arzuolunandır); “DİM 1 və Miqrasiya”; “Yoxsulluq təhsil hüququna maneədirmi?” (ibtidai və orta məktəb təhsili üzrə); “COVID-19 pandemiyasının yoxsulluqla mübarizə tədbirlərinə olan mənfi təsirləri”; “Qadınların iqtisadi fəallığının artırılması – yoxsulluğun azaldılması”; “Uşaqların doğulanadək cins seçiminin ölkənin demoqrafik balansına və iqtisadiyyatına təsiri”.
“Müsabiqənin ilk üç qalibi sertifikatlar və hədiyyələrlə təltif olunacaq.
“Qaliblər 25 oktyabr 2021-ci il tarixdə keçiriləcək mükafatlandırma mərasimində elan olunacaqlar.
“Tədqiqat işlərinin son qəbul tarixi 17 oktyabr saat 23:59-dur”, – deyə xəbərdə bildirilir.