Bayraqdar.info – Oktyabrın 7-də gənclər və idman naziri Fərid Qayıbov nazir təyin edilməsinin 1 ayının tamam olması münasibətilə ölkə gənclərinə və idmançılarına müraciət ünvanlayıb.
Müraciət Gənclər və İdman Nazirliyi tərəfindən yayılıb. O, müraciətində bildirir ki, gənclər və idman naziri təyin olunması Prezident İlham Əliyevin şəxsinə göstərdiyi yüksək etimaddır.
“Bu təyinat hər iki sahədə yeni mərhələnin başlanğıcına təsadüf etdi. İdmanda demək olar ki, həmişə Olimpiya oyunlarının nəticələri yeni mərhələnin başlanmasını əlaqələndirir. Bu qlobal yarışlar obyektiv olaraq təkcə yüksək nəticəli idman növlərində deyil, həm də kütləvi idmanda mövcud olan qüsur, səhv və çatışmazlıqları üzə çıxarır. Təbii ki, Olimpiada güclü tərəflərimizi də göstərir. İdman bu gün böyük bir sənaye və təhsil, strategiya və kadr, təşkilatı-hüquqi və maliyyə-təsərrüfat məsələləridir. Yalnız düzgün qurulmuş əlaqələr davamlı müvəffəqiyyətlə nəticələnə bilər.
“Gənclər siyasətinin yeni mərhələsi qloballaşma və Qarabağın təxminən 30 illik işğaldan azad olunması ilə müəyyən edilir. Yeni mərhələ yalnız prioritetlər deyil, həm də iş prosesinin özünün yenidən qurulması ilə bağlıdır. Gənclərin və idmançıların maraqları naminə çalışmaq insan kapitalını artıran sistemli iş qurmaq deməkdir. Hər bir sahədə olduğu kimi, gənclər və idman siyasətlərində də islahatlara ehtiyac duyulur”, – deyə nazir vurğulayır.
F.Qayıbov qeyd edib ki, vəziyyəti səciyyələndirən göstəricilərin sistemli şəkildə toplanmasına, ekspert və müqayisəli təhlillərə diqqət göstəriləcək.
İndi daha çox görüşlərə üstünlük verdiklərini söyləyən F.Qayıbov bu görüşlərin həm də obyektiv qərarlar qəbul etməyə kömək edəcəyini bildirib.
“Ay ərzində bir sıra idman federasiyalarında qonaq olduq, ən kütləvi gənclər ictimai təşkilatlarının rəhbərləri, mətbuat nümayəndələri ilə görüşdük. Xaricə iş səfərlərim zamanı ölkənin bir qrup gənc sahibkarı ilə tanış oldum. Türk Şurası çərçivəsində “Coxtərəfli Gənclər Mübadiləsi Proqramı” adlı yeni təşəbbüsə başladıq. İstanbulda keçirilmiş Texnofest-də iştirak gənclərin innovativ elmi və texniki yaradıcılığını dəstəkləmək üçün əhəmiyyətli idi.
“Görüşlərimiz həm vəziyyəti öyrənmək, həm də kadr potensialını və ehtiyatları qiymətləndirmək məqsədi daşıyır. Veriləcək qərarlar yeniliklər və təcrübə balansını birlikdə saxlayacaq”.
Daha sonra nazir bildirib ki, eyni zamanda, Avropa Gimnastikası Prezidenti kimi vəzifələrini yerinə yetirməyə davam edir.
Nazir bu təşəbbüsüylə bağlı sosial media hesabında da paylaşım edib.
❗ Bu gündən etibarən hər ay qeydlərimi nəzərinizə çatdıracam.
Nazirin Nöqteyi-Nəzəri N°1
"Təşəbbüslər vaxtıdır"
Ətraflı: https://t.co/AK4c0qLn64 pic.twitter.com/dTjWHHKxDM— Farid Gayibov (@faridgayibov) October 7, 2021