Press "Enter" to skip to content

Rusiyada geniş miqyaslı FETÖ əməliyyatı – VİDEO

Bayraqdar.info – Rusiya Daxili İşlər Nazirliyi “Nurçular” adı altında fəaliyyət göstərən zərərli bir təşkilatlanmanın üzvlərinin həbsi ilə bağlı xəbər yayıb.

Oktyabrın 5-də yayımlanan xəbərdə deyilir ki, Moskva şəhərinin müxtəlif səmtlərində aparılan əməliyyatlar nəticəsində “Nurçular” şəbəkəsinə daxil olan şəxslər saxlanılıb.

Xəbərə görə, bu şəxslər ekstremist şəbəkənin üzvləri olmaqla Rusiyanın daxilində təşkilatlanmaq və öz ideologiyalarını yaymaq üçün geniş səviyyəli işlər görürmüşlər.

DİN onu da əlavə edib ki, şəbəkə əsasən tələbələri öz sıralarına cəlb edir, onlardan daha uyğun olanlarını təlim üçün xarici ölkələrdən birinə göndərirmiş. Eyni zamanda bu şəbəkə üzvləri Rusiyanın ayrı-ayrı bölgələrində fəaliyyət göstərən hücrələrini əlaqələndirirmiş.

Rusiya DİN-in Ekstremizmə Qarşı Baş İdarəsi Federal Təhlükəsizlik Xidməti ilə birlikdə şəbəkənin 250-dən artıq toplantısını sənədləşdirib. Burada o da nəzərə alınıb ki, toplantılarda Rusiyada rəsmən yasaqlanmış ədəbiyyatdan istifadə edilib.

Artıq məsələylə bağlı cinayət işi də başlanıb.

Paralel şəkildə Moskva şəhəri və vilayəti üzrə 14 ünvanda axtarışlar aparılıb.

DİN onu da əlavə edib ki, “Nurçular” adı altında fəaliyyət göstərən beynəlxalq dini qurum 10 aprel 2008-ci ildən Rusiya ərazisində yasaqlanıb. Buna səbəb qurumun ekstremist yönlü olmasıdır.

Əlavə edək ki, “Nurçular” deyilən şəbəkə Türkiyədə dövlət çevrilişinə cəhd etmiş Fetullahçı Terror Örgütünün (FETÖ) ardıcıllarıdır. Onlar fəaliyyət göstərdikləri ölkələrdə şəbəkələşir, sonra da hakimiyyətin içinə yerləşərək daxildən təsir imkanları əldə etməyi hədəfləyir.

Rusiya DİN FETÖ-çülərə qarşı əməliyyatın videosunu da paylaşıb. Kadrlardan da görünür ki, ortada ciddi silahlanma faktı da var.

Mission News Theme by Compete Themes.