Press "Enter" to skip to content

Muzeyin Arxeologiya fondunda nadir kitabə qorunur

Bayraqdar.info – Milli Azərbaycan Tarixi Muzeyinin Arxeologiya fondunda daş abidələr sırasında XII əsrə aid mühüm tarixi məlumata malik nadir kitabə (ölçüsü: 2 x0,7 m) qorunur.

Maraqlı kitabə haqda bilgi bayraqdar.info-ya Muzeydən verilib.

Bilgidə qeyd edilir ki, 1954-cü ildə Bakı şəhərinin qala divarlarındakı şimal yarımbürclərdən birinin dağılması zamanı aşkar edilən, əhəng daşından olan bu kitabənin üstündəki üç sətirlik ərəb dilli yarımçıq yazıdan şəhər divarlarının 514- 555/1120-1160-cı illərdə hökmdarlıq etmiş şirvanşah III Mənuçöhrün əmri ilə tikildiyi məlum olur. Kitabə hələ orta əsrlərdən Şirvanın iqtisadi-ticari mərkəzi kimi ad çıxarmış Bakıda Şirvanşahlar dövlətinin güclənməsi ilə bağlı istehkam tikintisi işlərinin daha da genişləndiyini təsdiq edir.

“Azərbaycanda intibah dövrü şəhərsalma mədəniyyətinin yüksək inkişaf səviyyəsini Muzeyin Arxeologiya fondunda qorunan saxsı su tüngləri, şirli kaşı nümunələri, şirsiz divar üzlükləri göstərir. Eləcə də, Azərbaycanın Hacıqabul rayonunda yerləşən və hazırda bərpa olunmuş, XI əsr alim-filosofu Pir Hüseyn Şirvaniyə məxsus xanəgahın giriş qapısı üstündəki kitabə, “Səbayıl daşları” adı ilə məşhur olan yazılı və təsvirli daş nümunələri də bunu təsdiq edir.

“Qeyd edək ki, bütün müsəlman memarlığı üçün ümumi olan kanonlara, vahid elmi-nəzəri sistemə söykənən bu memarlıq nümunələri Azərbaycanın intibah dövrü memarlığının şah əsərləri hesab olunur”, – deyə bilgidə qeyd edilir.

Mission News Theme by Compete Themes.