Press "Enter" to skip to content

Müsəlman şərqində ilk dünyəvi qızlar məktəbi – 120 il

Bayraqdar.info – 7 oktyabrda neft milyonçusu, xeyriyyəçi Hacı Zeynalabidin Tağıyevin vəsaiti hesabına təsis edilmiş Bakı rus-müsəlman qız məktəbinin yaradılmasından 120 il ötür.

Milli Azərbaycan Tarixi Muzeyindən bayraqdar.info-ya bildirildiyinə görə, XIX əsrin sonu – XX əsrin əvvəllərində yaşamış məşhur mesenat H.Z.Tağıyev təkcə uğurlu sahibkar deyil, həm də görkəmli ictimai xadim idi. H.Z.Tağıyevin təhsili olmasa da, o, həmişə öz xalqının maariflənməsinə də xüsusi diqqət verib. Həmçinin dəfələrlə Bakı dumasının üzvü seçilərək, şəhərin infrastukturunun inkişafına yönələn bir çox layihələrin hazırlanmasında və həyata keçirilməsində də iştirak edib.

“Həmin layihələrdən biri azərbaycanlı qızlar üçün dünyəvi məktəbin yaradılması idi. 1896-cı ildə bu ideyanı Azərbaycan tarixinin ən parlaq şəxsiyyətlərindən biri, xeyriyyəçi Hacı Zeynalabdin Tağıyev gerçəkləşdirdi.

“Nəhayət, H.Z.Tağıyevin təşəbbüsü, min bir əzab-əziyyəti və maliyyə dəstəyi ilə 1898-ci ilin iyununda qızlar məktəbinin binasının inşasına başlanıldı. Bina Bakının mərkəzində – Nikolayev küçəsində tikilmişdi. Binanın baş memarı polyak əsilli görkəmli memar İosif Qoslavski olub”, – deyə Muzeydən bildirilir.

“Məktəbin açılışından öncə şagird və pedaqoji personalın formalaşdırılmasına başlanılıb. Əsasən məktəbə 7 yaşından yuxarı (sonralar yaş həddi 8-ə artırıldı) müsəlman qızlar qəbul olunurdu. İlk vaxtlarda 50 şagirdin qəbulu nəzərdə tutulurdu ki, onlardan 20 kasıb qız H.Z. Tağıyevin ianələri hesabına, 30 qız isə öz hesabına oxuyur və məktəbin pansionunda qalırdılar. Lakin ödənişsiz təhsil almaq istəyənlərin sayı daha çox oldugu üçün Hamilər Şurası H.Z.Tağıyevin təklifi ilə əlavə 13 kasıb qızın qəbul olunmasına qərar verdi. Qızlar məktəbinin açılışı ərəfəsində pulsuz oxuyan şagirdlərin sayı 35 nəfərədək artdı, cəmi qəbul olunanların sayı isə 58-ə çatdı. Beləliklə, əvvəlcədən nəzərdə tutulan plana rəğmən, pulsuz oxuyan şagirdlərin sayı öz hesabına təhsil alanları üstələdi. Şagirdlər Şuşadan, Tiflisdən, Şimali Qafqazdan gəlmişdilər, Bakı sakinlərinin sayı isə az idi.

“Nəhayət 7 oktyabr 1901-ci ildə Bakıda Nikolayev küçəsindəki binada İmperatriça Aleksandra Fyodorovna adına Bakı rus-müsəlman qız məktəbinin təntənəli açılışı oldu. “Kaspi” qəzeti bu hadisəni belə səciyyələndirirdi: “7 oktyabr günü Zaqafqaziyanın müsəlman əhalisinin ən mütərəqqi təbəqəsinin çoxdan arzuladığı qadın təhsili ideyasının nəhayət ki, gerçəkləşdiyi gün kimi yadda qalacaq.

“Məktəbin daxili intizam qaydası haqqında qeyd edə bilərik ki, qapalı pansion idi, kişilərin oraya daxil olması qadağan edilmişdi. Şagirdlər forma, yemək, tədris vəsaitləri ilə bütövlüklə H.Z.Tağıyevin hesabına təmin edilirdilər. Ümumi fənlərlə yanaşı məktəbdə əl işi və evdarlıq üzrə təcrübi məşğələlər də keçirilirdi.

“Ümumiyyətlə bu məktəb doğrudan da müsəlman qızlar arasında ilk dünyəvi təhsilin, Azərbaycan xalqına savadlı ana bəxş etməsinin, ilk ziyalı qadın kadrların formalaşdırmasının, habelə Azərbaycanın müsəlman qadın təhsilinin təməlini qoydu.

“Qeyd edək ki, Milli Azərbaycan Tarixi Muzeyinin Sənədli mənbələr, Foto-neqativ materiallar fondlarında qızlar məktəbinin tədris prosesinin təşkilinə dair əhəmiyyətli materiallar qorunur.” Xəbərdə belə deyilir.

Mission News Theme by Compete Themes.