Bayraqdar.info – Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə Bakı Ekspo Mərkəzində keçirilən VII Bakı Beynəlxalq Kitab Sərgi-Yarmarkasında Hüseyn Cavidin Ev-Muzeyi də təmsil olunur.
Bu haqda xəbər bayraqdar.info-ya Muzeydən verilib. Xəbərdə bildirilir ki, bu müəssisə üçün ayrılmış guşədə nümayiş etdirilən nəşrlər son beş ildə Muzeydə yerinə yetirilən elmi-tədqiqat işlərinin nəticələrini əhatə edir.
Sərgidə təqdim olunan 50-dən çox müxtəlif adda ədəbiyyat sırasında 30 cilddə “Cavidşünaslıq” araşdırmalar toplusu, 13 cilddə “Azərbaycan qeyri-maddi mədəniyyət abidələri və Ərtoğrol Cavid”, 3 cilddə “Azərbaycan ədəbi fikri və Hüseyn Cavid” kimi çoxcildliklər var. Eyni zamanda cari ildə çap edilmiş “Qarabağın musiqi irsi və Ərtoğrol Cavid” kitabı, “AMEA Hüseyn Cavidin ev-muzeyinin elmi-yaradıcı fəaliyyəti (müstəqillik illərində)” monoqrafiyası və “Gülbəniz Babaxanlının biblioqrafiyası” da oxuculara təqdim olunur.
“Dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin 880 illik yubileyinə həsr olunmuş sərgi-yarmarkada H.Cavidin nəfis şəkildə çap edilmiş külliyyatı və cavidşünaslıq materialları nümayiş etdirilir. Həmçinin, Ərtoğrol Cavidin dahi şairin sözlərinə bəstələdiyi “Gəlmiş idi” romansının və “Gəl” romans-kapriççiosunun muzeydə mühafizə olunan not yazılarının da daxil edildiyi “Ərtoğrol Cavid. Musiqi əsərləri” kitabını da sərgidə görmək olar”, – deyə xəbərdə bildirilir.