Bayraqdar.info – Azərbaycanın məşhur jurnalistlərindən biri, öncə İTV, sonra isə Az.TV-nin Qazaxıstanda nümayəndəsi olmuş Füzuli Məcidli Beynəlxalq Türk Akademiyası (BTA Elmi Şurasının yekdil qərarıyla qurumun vitse-prezidenti təyin edilib.
Bu haqda xəbəri oktyabrın 6-da BTA-nın Prezidenti Darhan Qıdırali yayıb.
“Beynəlxalq Türk Akademiyasının yaradılması haqqında müqaviləyə, Azərbaycan, Qazaxıstan, Qırğızıstan və Türkiyə Təhsil nazirliklərinin təmsil olunduğu Elmi Şuranın yekdil qərarına əsasən, siyasi elmlər doktoru Füzuli Məcidli təşkilatın vitse-prezidenti təyin olundu. Təbrik edirik!” – deyə D.Qıdırali öz sosial media hesabından paylaşım edib.
F.Məcidli də öz növbəsində göstərilən etimada görə sosial media üzərindən təşəkkürünü ifadə edib: “Bu yüksək etimada layiq görən Azərbaycan dövlətinə, ölkəmizin və təşkilata üzv olan digər ölkələrimizin müvafiq qurumlarına, BTA prezidentinə, dəstək və qayğısını əsirgəməyən insanlara, dostlara dərin minnətdarlığımı bildirirəm. 2016-cı ildən çalışdığım bu təşkilatda bundan sonra daha da faydalı olmağa, türk dövlətlərinin yaxınlaşması, inteqrasiyası və birliyi naminə əlimdən gələni əsirgəməməyə, göstərilən etimadı doğrultmağa çalışacağam”.