Bayraqdar.info – Qastroenteroloq Vüqar Abbasov mədə ağrıları ilə bağlı əhalini maraqlandıran suallarla bağlı ətraflı açıqlama verib.
Həkim bildirib ki, ağrıların müxtəlif vasitələrlə kəsilməsi diaqnozun düzgün qoyulmasına mane ola bilər.
“Belə bir deyim var ki, biz nə yeyiriksə, oyuq. Eyni zamanda, necə yediyimizin də çox əhəmiyyəti var. Mədə problemlərinin yaranmasında qidalanmanın çox önəmi var. Hətta müalicələrdə belə dietoterapiyadan da istifadə edirik. Mədə-bağırsaq xəstəliklərinin əsas əlamətləri qarında ağrı, iştahın pozulması, ürəkbulanma, qusma, gəyirmə, qıcqırma, qarının köpməsi, qəbizlik, ishal və s.
“Ağrılar xəstəliyin səbəblərinə uyğun olaraq uzunmüddətli və ya qısamüddətli tutmalar şəklində, yemək yeyən zaman və ya yeməkdən 2-3 saat sonra ola bilər. Qarında çox şiddətli ağrılar olduqda ağrıkəsici dərmanlar verməyə tələsmək lazım deyil. Çünki ağrıların müxtəlif vasitələrlə kəsilməsi diaqnozun düzgün qoyulmasına mane ola bilər, cərrahi əməliyyat aparmaq lazımdırsa, onu da ləngidə bilər”, – deyə həkim bildirir.
V.Abbasovun qeyd etdiyinə görə, müayinə üsulları olaraq bir neçə üsuldan istifadə edilir. Endoskopiya həm diaqnoz, həm də müalicə üçün istifadə edilə bilər. Endoskopik müayinə üsullarından biri olan qastroskopiya həzm sisteminin yuxarı şöbələrini yoxlamaq üçün cərrahi olmayan ağızdan edilən bir prosedurdur.
Endoskopiya həkimə bədəndə kəsik etmədən orqanı müayinə etməyə imkan verir. Qida borusu, mədə və onikibarmaq bağırsaq xəstəliklərinin diaqnozu və bəzən müalicəsində istifadə edilən endoskop, ucunda kamera və işığı olan elastik bir borudan ibarətdir. Bəzi hallarda, biopsiya materialı almaq üçün endoskopa xüsusi alətlər əlavə edilə bilər. Endoskopiya cihazına xüsusi vasitələr əlavə edərək müalicəvi məqsədlər üçün də istifadə edilə bilər.
Qida borusu darlıqlarının açılması, yığılmış mayenin boşaldılması, poliplərin kəsilməsi, yad bir cismin çıxarılması və ya öd kisəsi kimi kiçik orqanların çıxarılması endoskopiya üsulu ilə edilə bilər.
Rentgenoqrafiya mədə və onikibarmaq bağırsağın kontrast maye içməklə müayinəsidir. Endoskopik metodlardan istifadə edildikdən sonra bu müayinəyə ehtiyac xeyli azalıb. Çünki rentgen müayinəsi bir çox hallarda təkbaşına kifayət etməyə bilir. Xəstənin anamnezinə uyğun müayinə üsulları seçilir. Diaqnoz müalicənin onurğa sütunudur. Bu səbəbdən daha ciddi narahatlıqlarda müayinə üsulu həkimlər tərəfindən təyin edilməlidir.
Həkimin sözlərinə görə, qıcqırma, ağrı (xüsusən ac qarına və gecə ağrıları), gəyirmə, ürəkbulanma və qusma, ağızdan pis qoxu, mədədə tikə qalma hissiyyatı kimi əlamətlərlə keçən mədə-bağırsaq xoraları, eroziya, diafraqmal yırtıq, reflüks ezofagit kimi xəstəliklər çox yayılmış həzm problemlərindəndir. Genetik meyillilik və qidalanma vərdişləri mədə xəstəliklərinin meydana gəlməsində əhəmiyyətli bir faktordur.
“Havaların soyuması ilə gündüzlər qısalmağa başlayır. Soyuq aylarda ağır xəmir xörəklərə üstünlük verilməyə başlanır. Bu da öz növbəsində yuxudan dərhal öncə yeyilən ağır yeməklərlə birgə mədə problemlərinə gətirib çıxarır. Son qida qəbulunun yatmazdan ən azı 3 saat əvvəl bitməsi məqsədəuyğundur. Bundan əlavə, mövsümi infeksiyalar səbəbindən qışda antibiotiklər çox tez-tez istifadə olunur. Bunlar həzm sisteminə mənfi təsir göstərir. Xüsusilə yaşlıların əzələ və skelet sistemi ağrılarında, revmatik xəstəliklərdə ağrıkəsicilərdən istifadə etməsində artım müşahidə olunur. Bu dərmanların həddindən artıq qəbulu səbəbiylə mədə və bağırsaq qanaması ən çox görülən problemlərdən biridir. Bu tip ağrı kəsicilərdən istifadə edən insanların mədəsini qoruyan bir dərman qəbul etmələri vacibdir”, – deyə həkim öz tövsiyələrini verib.
Qeyd: Həkim V.Abbasovun bu açıqlaması oktyabrın 7-də bayraqdar.info-ya Səhiyyə Nazirliyindən daxil olub.