Bayraqdar.info – Paytaxt Bakı növbəti beynəlxalq kitab bayramına ev sahibliyi edir. Oktyabrın 6-da Bakı Ekspo Mərkəzində VII Bakı Beynəlxalq Kitab Sərgi-Yarmarkasının açılışı keçirilib.
Mədəniyyət Nazirliyindən bayraqdar.info-ya verilən xəbərdə deyilir ki, açılış mərasimində Baş nazirin müavini Əli Əhmədov, mədəniyyət naziri Anar Kərimov, təhsil naziri Emin Əmrullayev, Türkiyə mədəniyyət və turizm nazirinin müavini Ahmet Misbah Demircan, bir neçə ölkənin Azərbaycandakı səfirləri, millət vəkilləri, elm və mədəniyyət xadimləri iştirak ediblər.
“Baş nazirin müavini Ə. Əhmədov sivilizasiyasını kitabsız və yazısız təsəvvür etməyin mümkünsüzlüyünü bildirib.
“Daha sonra mədəniyyət naziri A. Kərimov bildirib ki, kitab bəşəriyyətin ən vacib bilik almaq vasitələrindən biridir: 14 illik tarixə malik Bakı Beynəlxalq Kitab Sərgi-Yarmarkası böyük maraqla qarşılanan və iştirakçı baxımından kütləviliyi ilə seçilən, öncül festivallardan hesab olunur. Bu ilki kitab sərgisi dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin 880 illik yubileyinə ithaf olunub. Sərgi
“Nizami Gəncəvi İli” çərçivəsində bu günə qədər keçirilən tədbirlər arasında iştirakçı sayı və əhatə miqyasına görə ən böyük tədbirdir”.
“Nazir bildirib ki, sərgidə 12 ölkədən 43 xarici təşkilat, 120-dən çox yerli nəşriyyat-poliqrafiya və kitab sənəti ilə əlaqəli müəssisə iştirak edir. Sərgi müddətində müxtəlif formatda 200-dən çox tədbir təşkil olunacaq: “Sərgi çərçivəsində Nizami əsərləri ilə bağlı ayrıca guşə yaradılacaq. Uşaqlar üçün Nizaminin əsərləri əsasında kukla tamaşaları göstəriləcək. Azərbaycanın Xalq yazıçı və şairləri, tanınmış gənc yazarlar və məşhur xarici yazıçılar və aktyorlar da sərgidə iştirak edəcəklər. Bundan başqa, Bakı Ekspo Mərkəzinə ziyarətçilərin daşınması üçün ödənişsiz avtobuslar təşkil edilib”, – deyə Anar Kərimov vurğulayıb”, – deyə xəbərdə qeyd edilir.
Daha sonra A.Kərimov sərgidə Vətən müharibəsində möhtəşəm Qələbəyə həsr olunan, Qarabağın tarix və mədəniyyətini əks etdirən kitablar, dərgilər və digər çap məhsullarının da yer aldığını deyib: “Bildiyiniz kimi, 2021-ci ilin 15 yanvar tarixində Mədəniyyət Nazirliyi və Azərbaycan Milli Kitabxanasının birgə təşkilatçılığı ilə “Qarabağa kitabla gedək” aksiyası həyata keçirilir. Hazırda bu aksiya çərçivəsində 55 min 482 kitab toplanılıb. Bu kompaniyada bizə dəstək olan tərəfdaşlara, xüsusilə qardaş Türkiyə dövlətinə təşəkkürümü bildirirəm”.
Nazir çıxışının sonunda kitab bayramı münasibətilə bütün kitabsevərləri təbrik etdi, sərgi iştirakçılarına uğurlar arzulayıb.
Təhsil naziri Emin Əmrullayev kitabın cəmiyyət həyatındakı rolundan danışıb: “Kitab təhsilin mərkəzində duran əsas anlayışlardan biridir, kitab mədəniyyətdir. Kiçik yaşlarından uşaqlarda kitaba sevgi yaratmaq çox önəmlidir. Tədqiqatlar göstərir ki, balaca yaşlarından daha çox kitab oxuyanlar, həmçinin valideynləri daha çox kitab oxuyan uşaqlar gələcəkdə daha yüksək akademik nailiyyətlər əldə edirlər. Bu, da bir daha kitabların mütaliə vasitəsi kimi həyatımızda nə qədər önəmli yer tutduğunu göstərir”.
“Türkiyənin mədəniyyət və turizm nazirinin müavini Ahmet Misbah Demircan Prezident Rəcəb Tayyib Ərdoğan və nazir Mehmet Nuri Ersoyun salamlarını tədbir iştirakçılarına çatdırıb. O, 2020-ci ildə Türkiyədə 80 minə yaxın başlıqda 400 mindən çox kitabın işıq üzü gördüyünü qeyd edib. Kitab sərgilərinin keçmişlə bu günü, yazarla oxucuları eyni məkanda birləşdirdiyini vurğulayan nazir müavini sərginin təşkilində əməyi olan hər kəsə minnətdarlığını bildirib.
“Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı Anar sərgi-yarmarkanın əhəmiyyətdən danışıb, kitabın mütaliə vasitəsi kimi hələ də öz dəyərini qoruduğunu vurğulayıb.
“Sonda sərginin açılışını bildirən rəmzi lent kəsilib. Tədbir iştirakçıları kitab stendləri ilə yaxından tanış olublar.
“Qeyd edək ki, oktyabrın 10-dək davam edəcək VII Bakı Beynəlxalq Kitab Sərgi-Yarmarkasının sponsoru “BP” şirkəti, baş TV tərəfdaşı Azərbaycan İctimai Televiziyasıdır. Festivala təşkilati dəstəyi “Caspian Event Organisers” şirkəti həyata keçirir.” Nazirliyin xəbərində belə deyilir.