Press "Enter" to skip to content

Prezident Qırğızıstana yeni səfir təyin etdi

Bayraqdar.info – Prezident İlham Əliyev oktyabrın 6-da Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin yeni təyin olunmuş rəhbəri Petr Mixalkonun etimadnaməsini qəbul edib.

Bu barədə Prezidentin Mətbuat xidməti məlumat yayıb.

Həmçinin, oktyabrın 6-da Prezident İ.Əliyev Hidayət Orucovun Azərbaycanın Qırğız Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırılması haqda Sərəncam imzalayıb.

Digər bir Sərəncamla Prezident Lətif Qəndilovu Azərbaycanın Qırğız Respublikasında fövqəladə və səlahiyyətli səfiri təyin edib.

Bilgi: Lətif Qəndilov 1957-ci ildə Bakı şəhərində, görkəmli alim Seyfəddin Qəndilovun ailəsində dünyaya gəlib.

1974–1978-ci illərdə D.Bünyadzadə adına Azərbaycan Xalq Təsərrüfatı İnstitutunun “Xalq təsərrüfatının iqtisadiyyatı və planlaşdırması” fakültəsində təhsil alıb. 1978-ci ildə İnstitutu fərqlənmə diplomu ilə bitirərək Lenin təqaüdçüsü olub və təyinatla “Xalq təsərrüfatının iqtisadiyyatı və planlaşdırması” kafedrasında saxlanılıb.

1978–1980-ci illərdə hərbi xidmətdə olub.

1981–1983-cü illərdə AXTİ-də əyani aspirant kimi təhsilini davam etdirib.

1983–1986-cı illərdə AXTİ və Bakı şəhər Sovetinin birgə təşkil etdiyi Bakı şəhəri kompleks problemlərin elmi-tədqiqat laboratoriyasında elmi işçi kimi çalışıb.

1984-cü ildə “İstehlak fondunun strukturu və artımının planlaşdırılmasının təkmilləşdirilməsi” mövzusunda namizədlik dissertasiyasını müdafiə edərək iqtisad elmləri namizədi elmi dərəcəsini alıb.

1986–1995-ci illərdə Azərbaycan Texniki Universitetinin “İqtisadi nəzəriyyə” kafedrasının dosenti olub.

1995-ci ildə Xarici İşlər Nazirliyinin Beynəlxalq İqtisadi Əməkdaşlıq İdarəsində ikinci katib kimi fəaliyyətə başlayıb və birinci katib vəzifəsinədək yüksəlib.

2001-ci ildə ilk xarici təyinatını alaraq Azərbaycan Respublikasının Türkiyə Respublikasındakı Səfirliyinin birinci katibi, sonradan müşaviri vəzifəsində çalışıb.

2004-cü ildə fövqəladə və səlahiyyətli səfir diplomatik dərəcəsi verilərək Azərbaycan Respublikasının Qazaxıstan Respublikasındakı ilk səfiri təyin edilib.

2010–2011-ci illərdə XİN-in Ümumi katiblik idarəsinin rəisi olub.

2011–2016-cı illərdə Azərbaycan Respublikasının Çin Xalq Respublikası, Koreya Xalq Demokratik Respublikası və Monqolustanda, eyni zamanda, 2011–2013-cü illərdə Vyetnam Sosialist Respublikasında fövqəladə və səlahiyyətli səfiri vəzifəsində çalışıb.

21 dekabr 2016-cı il tarixində Azərbaycan Respublikasının Belarus Respublikasında fövqəladə və səlahiyyətli səfiri təyin edilib.

L.Qəndilov 2021-ci ilin iyulunda Azərbaycanın Belarusdakı səfiri vəzifəsindən geri çağırılıb.

Türkiyə, Qazaxıstan, Çin və Belarus mətbuatında ikitərəfli siyasi və iqtisadi münasibətlərə dair 200-ə yaxın müsahibə və məqalələri yayılıb.

Evlidir, 2 oğlu və 2 qızı var.

Mission News Theme by Compete Themes.