Press "Enter" to skip to content

Payızlıq əkinlərlə bağlı maarifləndirici təlimlər

Bayraqdar.info – Dövlət Toxum Fondu və Əkinçilik Elmi Tədqiqat İnstitutunun birgə tərəfdaşlığı ilə Respublikanın müxtəlif bölgələrində payızlıq əkin mövsümünə hazırlıq məqsədilə fermerlərin maarifləndirilməsi ilə bağlı təlim-seminarların keçirilməsinə başlanılıb. “Payızlıq əkinlərdə toxum seçimi və aqrotexniki qulluğun göstərilməsi” mövzusunda ilk seminar-təlim oktyabrın 5-də Qobustan Toxum Emalı Zavodunda baş tutub.

Kənd Təsərrüfatı Nazirliyindən bayraqdar.info-ya verilən xəbərdə belə deyilir.

“Fondun şöbə müdiri Akif Əkbər bildirib ki, fermerlər yüksək məhsul əldə etmək üçün toxumun səpin keyfiyyətinə xüsusi diqqət yetirirlər. Bu təlim bölgələrə uyğun sortların seçilməsinin əhəmiyyəti, toxumla yayıla bilən xəstəliklər və onlara qarşı mübarizə tədbirlərinin aparılması, istehsal olunan toxumun kondisiyaya çatdırılması və digər mövzuları əhatə edir.

“Hazırda Respublikanın hər yerində, o cümlədən dəmyə bölgələrdə dənli bitkilər üzrə ilkin toxumçuluğun inkişaf etdirilməsi istiqamətində mühüm işlər aparılır. Bölgədə fermerlərin əkin sahələrində daha çox becərilən buğda va arpa sortları haqqında seminar iştirakçılarına ətraflı məlumat verilib. Fermerlərə əkin materialı kimi yalnız sertifikatlı toxumdan istifadə etmək, toxum seçimi zamanı torpaq-iqlim xüsusiyyətlərini nəzərə almaq, istehsal prosesində aqrotexniki qulluq qaydalarına tam şəkildə riayət etmək tövsiyə olunub. Bildirilib ki, mövcud torpaq və su ehtiyatları fonunda taxılçılıqda orta məhsuldarlığın artırılması yerli şəraitə uyğun toxum seçimindən və düzgün aqrotexniki qulluqdan asılıdır.

“Seminarda Dövlət Reyestrində qeydiyyatda olan sortlar və sertifikatlaşdırılmış toxumların tətbiqi, toxum istehsalı, əkilmiş sahəyə aqrotexniki qulluq, müxtəlif bölgələrə uyğun arpa və buğda sortlarının əldə edilməsi, növbəli əkin sisteminin tətbiqi mövzularında təqdimatlar keçirilib. Təlimin sonunda fermer və toxumçulara maarifləndirici kitabçalar paylanılıb, fikir mübadiləsi aparılıb, fermerlərin sualları cavablandırılıb.

“Növbəti təlim-seminar oktyabrın 7-də Tovuzda təşkil olunacaq”, – deyə xəbərdə bildirilir.

Mission News Theme by Compete Themes.