Press "Enter" to skip to content

İranı Ermənistan dağıdacaq

Əflatun Amaşov

Əflatun Amaşov
Azərbaycan Mətbuat Şurasının sədri

Bilirəm, sərlövhə qəribə gəlir. Ancaq bu qəribəlikdəki bəzi düşüncələrimi bölüşmək fikrindəyəm. İnanıram ki, onlarla tanış ola-ola başlığın nə üçün bu cür seçildiyinin fərqinə varacaqsınız.

Ondan başlayaq ki, İran üçün çəmbər daralır. İndi çoxları belə bir sual ətrafında gəzişir – loru desək, İran viran olacaqmı və ya nə vaxt viran olacaq? Azərbaycanda bunu arzulayan kütlə var. Amma ölkəmizdə məsələnin müxtəlif tərəflərini düşünən, haradasa ehtiyatlı kimi görünən ziyalı kontingentin tərkibi də azlıq təşkil etmir. Əslində isə bu məsələdə birmənalı proqnoz vermək, fikir bildirmək çətindir. Gözləməliyik, amma həm də gözləməməliyik. Hansısa kiçik tərəddüd bizə əsla sərf etmir…
***
Azərbaycanda anti-İran ab-havasının hökm sürməsi kimsəyə sirr deyil. Bəli, ölkəmiz rəsmi səviyyədə İran mövzusuna həmişə diplomatik yanaşıb. Azərbaycan dövləti bu gün də diplamatikliyini qoruyur. Tehranla bağlı atdığı əks addımlar üçün belə demək mümkünsə, əl yeri saxlayır, körpüləri yandırmır. Nəzərə alaq ki, İranın ali dini rəhbərinin nümayəndəsinin Bakıdakı ofisi, yəni oturduğu “Hüseyniyyə” məscidi tamamilə qapadıla da bilərdi, deyilməzdi ki, səbəb koronavirusdur…

Hər bir halda Azərbaycandan İrana qarşı səslənən zidd fikirlərin miqyası əvvəlki illərlə müqayisədə çox böyükdür, məzmunu əhatəlidir. İkincisi, İranla bağlı Azərbaycanın rəsmi səviyyədə açıqladığı mövqelərdəki ton tündləşib. Heç şübhəsiz, bu tündləşmə ölkəmizin ictimai rəyinə təsirsiz ötüşmür. Baxın, hamı İranı az qala lənətləyir, üstəlik məlum olur ki, bu tendensiyanın fonunda İranın illərdir Azərbaycanda apardığı dini agentura fəaliyyətinin nəticəsi sabun köpüyündən başqa bir şey deyilmiş…
***
İranla bağlı beynəlxalq müstəvidəki çəmbərin daralmasının müxtəlif təzahürləri var. Xəbərlər dolaşır ki, Pakistan və Türkiyə İranla sərhəddə qoşun toplayır, Türkiyə, Azərbaycan, Gürcüstan birgə hərbi təlimlər keçirir, Rusiya ənənəvi tədbirli seyrçi mövqeyini qoruyub saxlayır. Hələ İsrail amilindən danışmıram.

Azərbaycan ayrılıqda ön plandadır. Biz Tehranın üzünə əvvəl bizə və ermənilərə etdiklərini və ya bizə və ya ermənilərə etmədiklərini sərtlik dərəcəsini artırmaqla vurmağa başlamışıq. Bununla yanaşı, rəsmi Bakı çox haqlı olaraq İrandan Ermənistana yük daşıyan avtomobillərin çarxlarına “çomaq soxur”. Həm həmin yüklərin ölkəmizdən keçmə xərcləri məsələsini dövriyyəyə buraxır, həm də onların nəyə görə Qarabağdakı separatçı rejimin töküntülərinə getdiyini sorğulayır. Bu, İran dövlətinin nə rəsmi, nə də qeyri-rəsmi şəkildə həzm edə bilməyəcəyi sorğulamadır. Tehranın Bakıya münasibətdə əsəb nümayişi bundan da qaynaqlanır. 30 ilə yaxın müddətdə Gorus-Qafan yolunda maneə görməyiblər. Görünür, alışmaq qürura toxunur. Toxunmamalıdır…
***
Gələk, İrana qarşı çəmbərin daralma mənzərəsindəki Ermənistan amilinə. Düşünək görək, Ermənistan, ümumən erməni adlı yaradılışda sadiqlik varmı? Nə vaxtsa olubmu? Olmayıb, tarixin bütün dövrlərində ermənilər qlobal oyunların icraçısına çevriliblər, xəyanətkar kimi tanınıblar. Əlbəttə, onlar öz maraqlarını da ortaya qoyan icraçılar olublar. Baxın, Osmanlı İmperiyasına qarşı XIX əsrin sonu – XX əsrin əvvəllərindəki oyunda nələri etmədilər, hansı terrorları gerçəkləşdirmədilər. Heç şübhəsiz, Osmanlının zəifləməsində müstəsna missiya həyata keçirdilər və paylarını aldılar. Hətta artıqlaması ilə aldılar, dövlətləri oldu… Elə SSRİ-nin süqutunda da erməni amili öz sözünü az demədi. Bütün fitnə-fəsadlar məhz ermənilərin əli ilə həyata keçirildi. Qarabağ münaqişəsindən tutmuş Sumqayıt hadisələrinədək bir çox məqamları, ayrıntıları, incəlikləri yada salmaq mümkündür…

Bütün bunların fonunda sual yaranır – doğrudanmı erməni-fars qardaşlığı dünyaya meydan oxuyacaq qədər sarsılmazdır? Ermənistan həqiqətən İranı böyük qardaş qismində görür? Axı erməninin tarix boyu qardaşı yox, mənafeyi olub. İran dövləti hansı durumdadır ki, ermənilərin tarixən oynadıqları xəyanətkarlıq missiyasını bir kənara qoyur? Bir daha deyim, suallar çoxdur və bu çoxluqda müəyyən cavablar ehtimallar şəklində göz önündə canlanmaqdadır.
***
Ermənistandakı Nikol Paşinyan hakimiyyəti Qərbin dəstəklədiyi hakimiyyətdir. Buna kimsənin şübhəsi yoxdur. İndi erməni cəmiyyətinin nisbətən normal düşünən hissəsi 44 günlük müharibəni təhlil edərkən bildirir ki, Qarabağ məsələsində lap əvvəldən, heç ötən əsrin 90-cı illərinin əvvəllərindən də dəstəkləri olmayıb. Bu xüsusda Ermənistanın birinci prezidenti Levon Ter-Petrosyanın müşaviri olmuş Jerayr Liparidyanın müsahibələrinə nəzər salmaq kifayətdir.

Yəni Qərb birmənalı şəkildə demədi ki, Qarabağ ermənilərin olacaq, vəssalam. Otuz ilə yaxın müddətdə xaricdəki erməni lobbi və diaspor təşkilatları nə qədər çalışsalar da, bu baxışda ciddi dəyişiklik edə bilmədilər. Təbii, Azərbaycan diplomatiyası da ötən müddətdə boş dayanmadı. Dövlətimiz dünyanın ermənilərin Qarabağla bağlı istəkləri reallığını nəzərə almasına maneçilik törədərək öz anını səbrlə gözlədi. Müharibədəki zəfər həm də bu səbrin mükafatı idi.

Ancaq nə Qərb, nə də Rusiya üçün Ermənistan amili tamamilə kənara qoyulur. İndi ondan tam fərqli şəkildə istifadə edilir və bu istifadə ermənilərə gələcəkdə bir dövlət kimi Cənubi Qafqaz coğrafiyasında qalıb-qalmamaq dilemması kimi təklif olunur. Paşinyan daxildəki bütün narazılıqlara baxmayaraq, Ermənistan dövlətçiliyinin gələcəyini seçir. Və nə qədər çətin olsa da, ictimai rəyi öz arxasınca daşımağı bacarır. Nəzərə alaq ki, cəmiyyəti müharibədəki acı məğlubiyyət, rəzil duruma düşmə kimi bir reallığa alışdırma vəzifəsi var. Görünən budur ki, baş nazir N.Paşinyan bunu edə bilir…

Maraqlıdır, İranla bağlı duruma diqqət edərkən söyləmək olmaz ki, Paşinyan erməni xalqını Azərbaycanın qalib obrazına alışdırmaq niyyətindədir. Əksinə bizə qarşı nifrəti müəyyən mənada körükləyir. Ermənistan hakimiyyətinin indi etdiyi məhz budur. Necə ki, İkinci Qarabağ Müharibəsindən öncə həmin nifrət ciddi şəkildə körüklənirdi. Nəticə ortadadır – Azərbaycan qalib gəldi. Ölkəmizin zəfəri həm də Qərbin illərdir söylədiklərinin təntənəsi kimi meydana çıxdı. Azərbaycanın ərazi bütövlüyü bərpa edildi, BMT-nin qətnamələri nəhayət icra olundu və s. Demək ki, həm də Paşinyanı hakimiyyətə gətirənlərin Qarabağla bağlı fundamental baxışları reallaşdı. Təbii, əvvəldə də dedim, bu reallaşmada Azərbaycanın öz oyununu qurma bacarığı, inam və etimad qazanması da öz sözünü dedi, yəni heç kəs işğal olunmuş torpaqlarımızı bizə qızıl teştdə vermədi ki, götürün, bu sizindir. Üstəlik beynəlxalq siyasi proseslərin axarındakı trayektoriyanı da vurğulamalıyıq…

Ən əsası isə hadisələr Azərbaycanı müasir beynəlxalq siyasətin fəal aktoruna çevirdi ki, bu da bilavasitə ölkəmizin prezidenti cənab İlham Əliyevin səriştəsinin və böyüklüyünün nəticəsidir. Özünün də söylədiyi kimi, o, nəyi nə vaxt, necə etməyi hamıdan yaxşı bildiyini sübuta yetirməklə əsl lider obrazını göstərdi. Bəli, düzgün, düşünülmüş siyasətimiz, eyni zamanda qlobal dünyanın reallıqları Azərbaycanı bölgənin güc, hesablaşma mərkəzinə çevirib.
***
Ermənistan, ümumilikdə ermənilik isə əvvəlki ampluasına – fitnəkarlığa qayıdıb və nə qədər qəribə səslənsə də, hazırda Qərb tərəfindən dəstəklənən Ermənistan hakimiyyəti fitnəkarlıq meydanı kimi dost və qardaş dediyi İranı seçib. Baxın, indi erməni kütləvi informasiya vasitələri, elektron resursları özlərini Azərbaycanı İranın gözündən salmağa kökləyiblər. Azərbaycandakı kiçik bir anti-İran çağırışı erməni saytlarının bəzəyidir. İrandan Azərbaycana yönəlik əks fikirlər də həmçinin.

Ermənistan İranın dünyanı görmək istəməyən hakimiyyətini qlobal dəhliz sayılan Zəngəzur dəhlizinə mane olmağın vacibliyinə inandırır. Əlbəttə, rəsmi Yerevan bu dəhlizlə bağlı qəti mövqeyə oxşayan nə isə ortaya qoyur ki, heç şübhəsiz, İran neytrallaşdıqdan sonra özü ona diqtə olunan bütün reallıqları həzm edəcəkdir. Amma hələlik erməni kartı öz işini görür. Anti-Azərbaycan, anti-türk təbliğatını qızışdırmaqla İranı bu birliyə qarşı ciddi addımlar atmağa sövq edir. Nəticədə Tehrandan Bakıya şapalaq atmaq, raket buraxmaq çağırışları səslənir. Görünür, İran hakimiyyətində ağıllı baş və ya başlar yoxdur ki, şapalaqların və raketlərin birinin Azərbaycana toxunma perspektivinin hansı qorxunc nəticələrə gətirib çıxara biləcəyini hesablasın.

Əlbəttə, biz istərdik ki, İran reallıqları, yeni çağırışları görsün. Kimin dost, kimin riyakar olduğunu da. Ən əsası isə İran dövlətçiliyi köhnılmiş, fundamentalist baxışlarını bir kənara qoyaraq bölgədəki əməkdaşlıq, işbirliyi mühitində özünü tapsın, beş-altı tırın içindəki “yarpaqlı ləl-cəvahirətə” görə böyük faydalardan imtina yolu tutmasın. Nəzərə alaq ki, hazırkı İran inadkarlıq nümayişi üçün tutarlı daxili ictimai rəyə, dayağa malik deyil. İndi İran-İraq müharibəsi zamanındakı bütöv, ideoloji baxımdan hazırlıqlı, iqtisadi baxımdan güclü İran yoxdur. Əlahəzrət tarix isə o boyda ölkəni cılız erməniliyin, erməni fitnəsinin badına verməyi bağışlamayacaq. Əsla bağışlamayacaq.

P.S. Yeri gəlmişkən, Ermənistanın ikinci prezidenti Robert Koçaryan Nikol Paşinyanın İranla həddən artıq yaxınlaşmaq siyasətini tənqid edib.

Mission News Theme by Compete Themes.