Press "Enter" to skip to content

Hakimlərdən COVID-19 pasportu və maska tələbi

Bayraqdar.info – Ali Məhkəmə ölkədə koronavirus infeksiyasının yayılması təhlükəsinin qarşısının alınması məqsədi ilə məhkəmələrdə həyata keçirilməsi zəruri olan tədbirlər çərçivəsində hakimlərə və məhkəmə aparatı işçilərinə yeni tapşırıqlar verib.

Oktyabrın 6-da Ali Məhkəmə bu haqda məlumat yayıb.

Məlumatda bildirilir ki, 2021-ci il 11 oktyabr tarixindən məhkəmə binalarına daxil olan, habelə qapalı məkanlarda keçirilən prosessual hərəkətlərdə bilavasitə iştirak edən bütün şəxslərdən COVID-19 pasportunun və ya əks göstəriş sertifikatının olması tələb ediləcək.

“Barəsində qətimkan tədbirinin seçilməsi və inzibati həbs tənbeh növünün tətbiqi məsələsi həll olunan şəxslər COVID-19 pasportu və ya əks göstəriş sertifikatı olmadığı hallarda onların məhkəmə iclaslarında iştirakları videokonfrans vasitəsilə həyata keçiriləcək. Bu mümkün olmadıqda və ya həmin şəxslərin məhkəmə iclasında şəxsən iştirakı zəruri olduğu hallarda onların sanitar-gigiyenik və tibbi-profilaktik qaydalara ciddi riayət etmək şərti ilə bilavasitə iştirakları təmin olunacaq.

“Təqsirləndirilən şəxslər, azadlıqdan məhrum etmə və ya ömürlük azadlıqdan məhrum etmə növündə cəza çəkən məhkumlar və bəzi proses iştirakçılarının COVID-19 pasportu və ya əks göstəriş sertifikatı olmadığı hallarda məhkəməyə videokonfransla qoşulmasına üstünlük verilməsi tövsiyə edilib.

“Hakimlərin, məhkəmə aparatı işçilərinin və vətəndaşların məhkəmə binalarında olduqları müddətdə qoruyucu maskalardan istifadə etmələri, şəxsi gigiyena, eləcə də sosial məsafəyə riayət etmələri tələb olunacaq.

“Məhkəmələrin inzibati binalarında mütəmadi olaraq dezinfeksiya işlərinin aparılması və binaların qoruyucu-gigiyenik vasitələrlə təchiz edilməsi üçün zəruri tədbirlər görülməsi də tövsiyə edilir”, – deyə məlumatda bildirilir.

Mission News Theme by Compete Themes.