Press "Enter" to skip to content

Dörd regional təşkilatın rabitəçiləri görüşdülər

Bayraqdar.info – Avropa İttifaqının təşkilatçılığı ilə Xorvatiyada 100-ə yaxın tənzimləyici-telekommunikasiya qurumunu birləşdirən dörd regional təşkilatın (BEREC – EaPeReg – EMERG – Regulatel) birgə sammiti və Şərq Tərəfdaşlığı (ŞT) ölkələrinin Elektron Rabitə Tənzimləyiciləri Şəbəkəsinin (EaPeReg) Rouminq Ekspert İşçi Qrupunun 11-ci iclası keçirilib.

Tədbirdə Azərbaycanı Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin nümayəndə heyəti təmsil edib.

Bu barədə oktyabrın 6-da bayraqdar.info-ya Nazirlikdən bildirilib.

“Dördtərəfli BEREC (Avropa Elektron Rabitə Tənzimləyiciləri Şurası) – EaPeReg (Şərq Tərəfdaşlığı ölkələrinin Elektron Rabitə Tənzimləyiciləri Şəbəkəsi) – EMERG (Avropa Aralıq dənizi Tənzimləyicilər Qrupu) – Regulatel (Latın Amerikası Telekommunikasiya Tənzimləyici Təşkilatı) sammitində regional təşkilatlar və üzv ölkələrin görüşü baş tutub. Görüşdə tənzimləyici-telekommunikasiya qurumları arasında əməkdaşlıq imkanları yeni təcrübənin öyrənilməsi, birgə layihələrin icrası, telekommunikasiya infrastrukturunun gücləndirilməsi, 5G texnologiyası, yüksək sürətli internet və s. məsələlər ətrafında təqdimatlar edilib, müzakirələr aparılıb.

““EaPeReg”in Rouminq Ekspert İşçi Qrupunun 11-ci iclası zamanı ilkin mərhələdə ŞT ölkələri, daha sonra Aİ və ŞT ölkələri arasında rouminq tariflərinin aşağı salınmasını nəzərdə tutan “Regional Rouminq Sazişi” layihəsinə müvafiq əlavə və dəyişikliklərin edilməsi ilə bağlı fikir mübadiləsi aparılıb.

““EaPeReg” və digər təşkilatlar ilə müxtəlif sahələrdə əməkdaşlıq perspektivləri istiqamətində işlər davam etdirilir. Regionda rəqəmsal transformasiyanın əsas elementi olan telekommunikasiya şəbəkələri və geniş zolaqlı xidmətlərin təkmilləşdirilməsi əsas strateji prioritetlərdən biri kimi qiymətləndirilir”, – deyə xəbərdə bildirilib.

Mission News Theme by Compete Themes.