Bayraqdar.info – Oktyabrın 5-də “Davam” Gənclər Hərəkatının mərkəzi ofisində “ZəfərimİZ” adlı kampaniya çərçivəsində “Postmüharibə dövrü: geosiyasi və regional reallıqlar” mövzusunda görüş keçirilib.
Görüşdə millət vəkili Ramil Həsən, “Davam” Gənclər Hərəkatının sədri Nihad Allahyarlı, baş katib Nigar Aslanova, katiblik və 40-dan çox davamçı gənc iştirak edib.
“Davam”ın sədri Nihad Allahyarlı gəncləri salamlayaraq ildönümünü yaşadığımız 44 günlük Vətən müharibəsinin Anım Günündən başlayaraq Zəfər Gününə qədər davam edəcək “ZəfərimİZ” adlı kampaniya çərçivəsində artıq ikinci görüşün baş tutduğunu bildirib, bu istiqamətdə görülmüş və görüləcək növbəti tədbirlərdən bəhs edib. O, bildirib ki, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında aparılan Zəfər savaşı tarixdə Azərbaycan xalqının birlik, bərabərlik və qürur rəmzinə çevrilərək əbədi qalacaq. Azərbaycan xalqı qalib xalq, Azərbaycan gəncliyi isə qalib xalqın gəncliyidir.
Öz növbəsində millət vəkili Ramil Həsən mövzu ilə bağlı fikirlərini gənclərlə bölüşüb. O, Prezident İlham Əliyevin diplomatik mübarizədə ciddi və qətiyyətli mövqeyini dövlət siyasətinin ən gözəl nümunələrindən biri kimi yüksək qiymətləndirərək iki qardaş ölkə – Azərbaycan və Türkiyənin yüksək xətlə irəliləyən münasibətlərinin hər iki tərəf üçün müsbətyönümlü olduğunu qeyd edib. Həmçinin Azərbaycanın bölgədə və Qafqazda söz sahibi olduğunu deyib. Millət vəkili ölkəmizin regionda sülhün, təhlükəsizliyin, qarşılıqlı sabitliyin təmin olunması, Ermənistanla sülh müqaviləsinin imzalanması ilə bağlı öz üzərinə düşən bütün tarixi missiyanı uğurla həyata keçirdiyini bildirib. Azərbaycanın xarici siyasət strategiyasında milli maraqlarımızın qorunması ilə bağlı Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin uğurla atmış olduğu addımları hər bir gəncin, hər bir Azərbaycan vətəndaşının qorumalı və sahib çıxmalı olduğunu gənclərin diqqətinə çatdırıb. Eyni zamanda Azərbaycan gənclərinin nüfuzlu xarici ali təhsil müəssisələrində təhsil imkanlarının genişləndirilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamının gənclərin inkişafı üçün atılan təqdirəlayiq addım olduğunu bildirib.
Səmimi və maraqlı söhbət əsnasında gənclərin çoxsaylı sualları cavablandırılıb, fikir və təklifləri dinlənilib.