Bayraqdar.info – Oktyabrın 5-də Bakı Dövlət Universitetində (BDU) ICESCO-nun “Cihazqayırma və tərsinə mühəndisliyin əsasları” üzrə birinci seminarı başlayıb.
Beynəlxalq tədbir mövcud əməkdaşlıq çərçivəsində ICESCO-nun təşəbbüsü və Mədəniyyət Nazirliyi və ICESCO üzrə Azərbaycan Respublikası Milli Komissiyasının yaxından iştirakı ilə keçirilir.
Xəbər bayraqdar.info-ya oktyabrın 5-də Nazirlikdən verilib.
Xəbərdə bildirilir ki, seminara ICESCO-nun Elm və texnologiyalar sektorunun rəhbəri Rahil Qamar və BDU-nun rektoru Elçin Babayev sədrlik edir.
“BDU-nun rektoru Elçin Babayev Azərbaycanın ICESCO ilə yaxından əməkdaşlıq edən və bu əlaqələrə böyük önəm verən əsas üzv dövlətlərdən biri olduğunu qeyd edib. O, qeyd edib ki, bu nüfuzlu beynəlxalq təşkilatın əlaqələrindən yararlanaraq digər üzv ölkələrlə təhsil, elm və mədəniyyət sahələrində qarşılıqlı əməkdaşlığı inkişaf etdirmək üçün geniş imkanlar var. Bu əməkdaşlıq əlaqələri BDU-nun da elm və təhsil sahəsindəki uğurlarının artmasına yeni yol aça bilər.
“Sonra BDU-nun əməkdaşı Lalə Hüseynzadənin hazırladığı “Şuşa bizi gözləyir!” adlı qum kompozisiyası və Heydər Əliyev Fondunun Azərbaycanın milli sərvətlərinə, qədim mədəniyyətinə, tarixinə həsr olunmuş videoçarx nümayiş olunub.
“Tədbirdə ICESCO-nun baş direktoru Səlim əl Məlikin videotəbriki təqdim edilib, ICESCO-nun fəaliyyətini əks etdirən videoçarx nümayiş olunub.
“Pakistan Virtual Universitetinin rektoru, professor Ərşad Səlim Bhattinin də açılış mərasiminə təbrik məktubu səsləndirilib.
“Qeyd edək ki, 4-7 oktyabr tarixlərində keçiriləcək seminarın məqsədi cihazqayırmaya və tərsinə mühəndisliyə dair əsas ideyaları təqdim etməkdir. Habelə, müxtəlif növ sensorların istifadəsi, verilənlərin əldə edilməsi və emal edilməsi haqqında iştirakçıları məlumatlandırmaq tədbirin əsas məqsədlərindəndir. Seminar iştirakçları cihazların işlənməsinin əsas komponentləri ilə tanış olub, eyni zamanda sensorlardan gələn siqnalları əldə etmək və mikronəzarətçilər vasitəsilə idarə etməyi öyrənəcəklər. Təlimlərin sonunda iştirakçılar özləri temperatur tənzimləyiciləri, elektrik ölçmə sistemləri və s. sadə cihazları işlətməyi təcrübə edəcəklər.
“Seminarın ilk hissəsində mühazirə, ikinci hissəsində isə praktik təlimlər keçiriləcək Təlimlərdə BDU tələbələri ilə yanaşı Azərbaycan Dövlət Neft və Sənaye Universiteti, Azərbaycan Texniki Universiteti və Bakı Mühəndislik Universitetinin tələbələri də iştirak edir”, – deyə xəbərdə bildirilir.