Bayraqdar.info – 5 Oktyabr Beynəlxalq Müəllimlər Günüdür axı… Öncə Azərbaycanda yaşayan və müqəddəs müəllim peşəsinə hörmətlə yanaşan bütün müəllimləri başda öz müəllimlərim olmaqla ürəkdən təbrik edirəm.
Daha sonra isə müəllimliklə bağlı öz xatirələrimi qısa da olsa yazmaq istəyirəm.
90-cı illərin əvvəlləri idi. Tale elə gətirdi ki, N.Tusi adına Pedaqoji Universitetin tarix-filologiya fakültəsində qiyabi təhsil aldığım vaxtlarda rayon təhsil şöbəsinin müdiri məni dəvət edib ucqar kəndlərdə müəllimə ehtiyac olduğunu bildirmişdi: “Oradakı uşaqlar təhsilsiz qalıb, dərs keçməyə müəllim tapa bilmirik. Sən də ki, maşallah, olimpiadaların qalibi, hazır müəllimsən, bəlkə bu işi öhdənə götürəsən?”
Sözün düzü, 1-ci kurs tələbəsi, qız uşağı, evdən-eşikdən uzaqda, tanımadığın insanların içində qalıb-yaşayıb işləməyin çətinliklərini düşünəndə əvvəl tərəddüd elədim. Öhdəsindən gələrəmmi? Ucqar kənddə harada qalacağam, necə olacaq düşüncələriylə evə gəldim. Amma təhsil şöbəsinin müdiri əmin etmişdi ki, mənim o kənddə qalmaq məsələmi özləri həll edəcəklər. Bu məsələ dövlət hesabına həll olunacaqdı. Qalırdı valideynlərimin və mənim razılığım. Atam razı idi. Çünki RPŞ sədri məhz atamı yola gətirmək üçün çox cəhd etmişdi.
Həmin illərdə R.N.Güntəkinin “Çalıquşu” filmi çox dəbdə idi. Ona baxmayan adam qalmamışdı. Fəridə obrazını da çox sevirdim. Gözümün önünə Fəridənin həyat tərzi gəldi və mən onun qarşılaşdığı çətinlikləri də gözə alaraq yeni iş təklifi ilə razılaşdım.
Getdiyim o ucqar kənd çox barlı-bərəkətli, insanları da həddindən ziyadə zəhmətkeş və sadə idilər. Sübh tezdən hamının başı kənd işlərinə qarışır, həyətlərdəki heyvan-qaralarını naxıra yola salır, həyət-bacanı süpürür, təndirə od salır və uşaqları da məktəbə göndərirdilər. Gün çıxmağa başlayanda təndir çörəyinin ətri bütün kəndi bürüyürdü.
Kənddən Bala Kür çayı axırdı və mən hər gün bu çayın üstündəki körpünü adlayıb məktəbə – sevimli şagirdlərimə təhsil verməyə gedirdim. Körpünün üzərində saçı lentli, gülərüz, siması məsum şagirdlərim əllərində gül dəstəsiylə məni gözləyirdilər. Hamının həyətində gözəl güllər əkilmişdi. Həyətlərdəki güllüklər uzaqdan göz oxşayırdı. Güllərin ətri ətrafa yayılırdı.
Mənə verilən güllərin həyətdən dərildiyi üzərindəki şeh damlasından məlum olurdu. Və məhz həyətdənn dərildiyi üçün sevə-sevə qoxlayıb bağrıma basır, məktəbə gedirdim. Əgər o güllərin pulla alınıb mənə verildiyini bilsəydim heç götürərdimmi? Heç vaxt! Heç şagirdlərimin xərcə düşməsinə razı olardımmı? Heç vaxt! Sinfə daxil olanda əlimdəki böyük gül dəstələrini görən qocaman direktor deyirdi: “Güllü-çiçəkli Sevda müəllimə gəldi, buralar gözəlləşdi”.
5 Oktyabr Müəllimlər Günümün təbriki
Şagirdlərlə əlavə sinifdənxaric dərslərimiz çox maraqlı keçirdi. Məsələn, mən məktəbin həyətindəki bağda şagirdlərimi başıma yığıb sinifdənxaric oxu dərsləri keçirdim. Həm də biz bu dərslər zamanı həyətdəki meyvə və bəzək ağaclarını da sulayırdıq. Yaşıl çəmənlikdə otların üzərində keçən dərslər uşaqlara bir ayrı təsir bağışlayırdı. Mən onlara klassiklərlə yanaşı o dövrün müasir şairlərini, yazıçılarını da tanıdırdım. Onlardan biri də sevimli şairimiz Xəlil Rza Ulutürk idi. Onun “Davam edir 37”si o vaxtlar çox dəbdə idi. Demək olar ki, hər evdə o kitab stolüstü kitab idi. Şagirdlərim X.R.Ulutürk aşiqi olduğumu bilirdilər.
Oktyabrın 5-i – Beynəlxalq Müəllimlər Günü. Məktəbə gedirəm. Sinifə daxil olanda gözlərimə inanmadım. Sinif başdan-başa çiçəklərə qərq eidlmişdi (bir daha vurğulayıram ki, kənddə hamının həyətində gül var idi və heç kim pulla gül alıb gətirmirdi). Müəllim stolumun üzərində isə “Davam edir 37” kitabından ibarət böyük bir qalaq vardı. Düz 30 ədəd kitab idi.
Demə, şagirdlər hamısı bir-birindən xəbərsiz müəllimlərini təbrik etmək üçün hərə bir kitab gətirib. Amma hamı da eyni kitabı gətirib. Şok olmuşdum. Axı bu nə idi, Allahım! Sevincdən gözlərim yaşardı. Bu, şagirdlərimin mənə göstərdikləri diqqət idi.
Təbii ki, mən həmin kitabları məktəbin kitabxanasına hədiyyə etdim. Çünki o kitabdan özümdə var idi.
Hər il 5 oktyabr günü mənə o maraqlı hadisəni xatırladır. O anlarda yaşadığım səmimi, saf şagird sevgisini heç vaxt unutmuram. Mən o məktəbdən ayrılanda sinif rəhbəri olduğum həmin gözəl şagirdlərim arxamca göz yaşı tökürdülər…
Üstündən illər keçdi. İndi həmin şagirdlərimin bəziləri ölkə daxilində, bəziləri isə xarici ölkələrdə təhsil alıb, işləyir, yaşayır, ailə qurublar. Hələ onların içərisindən Türkiyədə doktorluq müdafiə edənlər də var. Həkim şagirdim də var, alim şagirdim də. Bu gün onlar mənimlə sosial şəbəkələr üzərindən əlaqə saxlayırlar. Baxmayaraq ki, 25 ildir müəllimlik peşəsindən uzaqlaşmışam, amma onlar hər il oktyabrn 5-də məni təbrik edirlər. Və mən şagirdlərimlə fəxr edirəm.