Press "Enter" to skip to content

AAYDA küçənin yenidən qurulmasını təmin edib

Bayraqdar.info – Bu ilin İnvestisiya Proqramına uyğun olaraq Nəsimi rayonu ərazisində Ceyhun Səlimov küçəsinin 3-cü mikrorayon dairəsindən Əbdülvahab Salamzadə küçəsinin kəsişməsinədək olan 565 m uzunluğa malik hissəsində aparılan yenidənqurma işləri yekunlaşıb.

Bu haqda oktyabrın 5-də Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən (AAYDA) bayraqdar.info-ya məlumat daxil olub.

Məlumatda bildirilib ki, 6 hərəkət zolaqlı olmaqla, eni ortalama 25 m təşkil edən C.Səlimov küçəsinin sözügedən hissəsinin uzun müddət təmir olunmaması hərəkətin rahatlığını və təhlükəsizliyini təmin etmirdi.

“Kommunikasiya xətlərinin yenilənməsi işləri sentyabr ayının 10-da tam olaraq yekunlaşdırılıb və bu tarixdən etibarən agentlik tərəfindən küçədə genişmiqyaslı təmir-tikinti işlərinə başlanılıb.
“Qısa müddət ərzində küçə boyunca zəruri yerlərdə yararsız qrunt qazılaraq çıxarılıb, daha sonra əks dolğu işləri aparılaraq kipləşdirilib və “İnşaat norma və qaydaları”nın tələblərinə əsasən yola 2 laydan ibarət yeni asfalt-beton örtüyünün döşənməsi işləri icra olunub. Ümumilikdə 16 min 820 kv.m sahənin asfaltlanma işləri aparılıb.

“Layihə çərçivəsində vətəndaşların küçənin kənarı ilə rahat və təhlükəsiz hərəkətini təmin etmək üçün mövcud piyada səkiləri bərpa olunub və genişləndirilib. Zəruri hissələrdə isə yeni piyada səkiləri və xüsusi parkinq yerləri yaradılıb. Bununla da, küçənin sözügedən hissəsində səkilərin sahəsi 2 min 200 kv.m-dən 3 min 870 kv.m-dək artırılıb, küçəyə 3 min poqonmetrədək yeni səki daşları düzülüb.

“C.Səlimov küçəsinin 3-cü mikrorayon dairəsindən Ə.Salamzadə küçəsinin kəsişməsinədək olan hissəsində yenidənqurma işləri zamanı mövcud yol ayrıcıları da tam olaraq yenidən inşa edilib. Layihəyə uyğun olaraq küçəboyu səth sularının normal kənarlaşdırılması üçün nəzərdə tutulmuş yağış-kanalizasiya sistemi bərpa edilərək işlək vəziyyətə gətirilib, yeni yağış barmaqlıqları və yeraltı kommunikasiya xətlərinə baxış qapaqları qoyulub.

“Layihənin sonuncu mərhələsində avtonəqliyyat vasitələrinin normal hərəkətinin təmin edilməsi məqsədilə yol nişanları və məlumatverici lövhələr quraşdırılaraq yol-cizgi və yolgöstərici xətlər, həmçinin piyada zolaqları çəkilməklə küçə müasir görkəmdə vətəndaşların istifadəsinə verilib”, – deyə məlumatda bildirilir.

Mission News Theme by Compete Themes.