Bayraqdar.info – Mədəniyyət Nazirliyi, Təhsil Nazirliyi, Az.TV, Xətai Rayon İcra Hakimiyyəti, Azərbaycan Rəssamlar İttifaqı, Naxçıvan Rəssamlar Birliyinin dəstəyi, Azərbaycan Dövlət Rəsm Qalereyası və Xətai Sənət Mərkəzinin təşkilatçılığı ilə “Mənim düşüncəm – 2021” adlı Respublika uşaq rəsm müsabiqəsinə qeydiyyat davam edir.
Müsabiqə “Nizami Gəncəvi İli” çərçivəsində yay tətilində rəssamlıq istedadı olan uşaq və gənclərin diqqətini çəkən mənzərə, hadisə və əşyaların öz düşüncələri ilə təsvir bacarıqlarını inkişaf etdirmək məqsədilə keçirilir.
Bu barədə oktyabrın 4-də bayraqdar.info-ya Xətai Sənət Mərkəzindən bildirilib.
Xəbərdə deyilir ki, yaşı 21-ə qədər olan rəssamlar bu il oktyabr ayının 10-dək Xətai Sənət Mərkəzinin Facebook qrupuna təqdim etdiyi əsərin foto və adını, müəllifin adı, soyadı, təvəllüdü, təhsil aldığı məktəbi və əlaqə nömrəsini yerləşdirməklə müsabiqəyə qatıla bilər.
“Əsərlər tək-tək yerləşdirilməli, məlumatlar dolğun olmalı, 2-dən çox əsər göndərilməməlidir. Ən çox uşaqların öz duyğu və düşüncələri ilə işlənmiş əsərlər seçiləcək.
“Seçim zamanı müəllifin yaşı nəzərə alınmaqla düzgün kompozisiya, rəng seçimi və ideya əsas götürüləcək. Həmçinin, seçim zamanı kənar (müəllim, valideyn) müdaxiləsiz işlərə üstünlük veriləcək. Müsabiqədə xarici ölkə vətəndaşları da iştirak edə bilərlər. Seçim 3 yaş kateqoriyası üzrə aparılacaq və hər yaş kateqoriyasına ayrıca sərgi keçiriləcək: 11 yaşa qədər, 11-16 və 16-21 yaşarası
“Birinci turdan keçmiş müəlliflərin əsərləri sərgidə nümayiş olunmaq üçün Xətai Sənət Mərkəzinə dəvət olunacaq.
“Əgər müsabiqənin münsiflərinin seçimlərindən narazı qalanlar olarsa (müəllim, valideyn və şagird) onlar seçimlərin elan olunduğu vaxtdan 3 iş günü ərzində xsm.2016@mail.ru e-mail ünvanına müraciət edə bilər və təyin olunmuş bir vaxtda münsif üzvünün nəzarəti ilə rəsm çəkməklə özünü təsdiq edə bilər. Əsəri sərgidə nümayiş olunan müəlliflər sertifikatla və fəal tədris mərkəzləri (dərnək, incəsənət məktəbi və s.) təşəkkürnamə ilə təltif olunacaqlar.
“Müsabiqənin yekun sərgisi Xətai Sənət Mərkəzində təşkil olunacaq.” Xəbərdə belə deyilir.