Bayraqdar.info – Qardaş Qırğızıstan Respulikası Ermənistana səfir təyin edib. Bu vəzifəni ölkənin Rusiyadakı səfiri Gülnara-Klara Samat icra edəcək.
Bununla bağlı bayraqdar.info-ya məlumat oktyabrın 4-də Qırğızıstan Prezidentinin Administrasiyasından daxil olub.
Prezident Sadır Caparovun bununla bağlı imzaladığı Sərəncamda deyilir ki, ölkənin Rusiyadakı səfiri eyni zamanda Ermənistandakı səfir vəzifəsinə təyin edilir.
Əlavə edək ki, bir müddət öncə Prezident S.Caparov Azərbaycana da yeni səfir təyin etmişdi. Bu, ölkəmizə yaxşı bələd olan təcrübəli siyasət adamı Kayrat Osmonaliyevdir. Yeni səfir artıq Azərbaycana gəlib, Xarici İşlər Nazirliyinə öz etimadnaməsini təqdim edib.
K.Osmonaliyev eyni zamanda qonşu Gürcüstanda da öz ölkəsinin səfiri vəzifəsini yerinə yetirəcək.
Qırğızıstanın Ermənistana bu qədər uzaq bir yerdən səfir təyin etməsi isə sadəcə “xala, xətrin qalmasın” jesti kimi qəbul edilə bilər. Çünki Moskvadan Qırğızıstanla Ermənistan arasındakı diplomatik münasibətlərin effektiv alınmayacağı hər kəsə bəllidir.
Onu da bildirək ki, G-K.Samat bu ilin mayında Rusiya Prezidenti Vladimir Putinə səfir kimi etimadnaməsini təqdim edib.
Eyni zamanda onu da qeyd edək ki, qardaş ölkənin Ermənistana səfir təyin etməsi sadəcə olaraq o ölkə ilə birlikdə bir sıra dövlətlərarası qurumlarda təmsil olunması üzündən zəruridir. Yəni Azərbaycana zərərli bir yönü olmayan təyinatdır bu…