Press "Enter" to skip to content

Kartınızdakı pul qeybə çəkilə bilər

Bayraqdar.info – “Diqqət! Nərimanov rayonunda bir vətəndaşa xarici nömrədən zəng olunmaqla, “Bankdandır, dəqiqləşdirmə aparılır, şifrəni verin, zəhmət olmasa….” deyilməklə, bank kartının məlumatları istənilib. Kart sahibi heç bir dəqiqləşdirmə aparmadan məlumatları tanımadığı şəxsə ötürüb. Nəticədə hesabında olan külli miqdarda vəsait xarici bank hesabına köçürülüb.

Vətəndaşlara tövsiyə edirik ki, tanımadığınız şəxslərə bank kart məlumatlarını ötürməyin, müştərisi olduğunuz banklara sizin bank kart məlumatlarınız lazım deyil.”

Bu xəbərdarlığı Daxili İşlər Nazirliyi Mətbuat xidmətinin rəisi, polis polkovniki Elşad Hacıyev öz sosial səhifəsində paylaşıb.

Belə xəbərdarlıqlara son zamanlarda tez-tez rast gəlirik. Asan yolla pul qazanmaq arzusuna düşmüş fırıldaqçıların ayrı-ayrı şəxslərə belə müraciətləri axır vaxtlar çoxalıb.

Təxminən 15 il əvvəl tanış bir dövlət məmuru sevinə-sevinə dedi ki, onun e-poçtuna ingilis dilində məktub gəlib. Məktub Burkina Fasodan ona ünvanlanmışdı. Məktubda deyilirdi ki, “sizin uzaq qohumunuzdan sizə vərəsəlik payı çatacaq. Bu, külli miqdarda pul vəsaitidir. Lakin sizin adınıza olan o pulu sizə göndərmək üçün xidmət haqqı ödəməliyik. Siz bizim göndərdiyimiz bank hesabına 200 dollar köçürün, biz sizə 2 milyon dollar vərəsəlik pulunuzu göndərək”.

Buna inanıb, ümid edib o qədər insan belə pullar göndəriblər ki… Sonda da vəd verilən vəsait gəlib çıxmayıb. Adamların ümidləri suya düşüb. Pul göndərilən bank hesabı da anonim olduğu üçün nə vəsait geri dönüb, nə bank hesabının kimin adına olduğu müəyyən edilməyib. Təbii ki, göndərilən pul da batıb. Hara şikayət edib kimdən yapışasan? Ortada bəlli bir isim yox, bəlli bir ünvan yox. Uzun illər ayrı-ayrı ölkələrdən e-məktub vasitəsilə belə pullar çırpışdıran cinayətkar dəstə üzvləri zaman-zaman həbs edilir. Onları tapmaq polis üçün asan olduğuna görə, son illərdə fırıldaqçılar metodu dəyişiblər. İndi xarici ölkədən zəng vurub ayrı-ayrı şəxslərdən bank kartının hesabını soruşur, bank kooridnatlarını alıb hesabdakı pulu çıxarırlar.

Buna görə də ayıq-sayıq olmalı, tanımadığımız telefon zənglərinə şübhə ilə yanaşmalı və belə fırıldaqçıların tələsinə düşməməliyik.

Mission News Theme by Compete Themes.