Bayraqdar.info – Hökməli qəsəbəsində tibb işçisindən hədə-qorxu ilə pul tələb edən saxta jurnalist saxlanılıb.
Daxili İşlər Nazirliyinin oktyabrın 4-də yaydığı xəbərə görə, Abşeron rayonunun Hökməli qəsəbəsində yerləşən tibb məntəqəsində işləyən şəxslərdən biri Qobu Polis Bölməsinə şikayət edib. Şikayətçi tanımadığı bir nəfərin özünü jurnalist kimi təqdim edərək onun barəsində sosial şəbəkələrdə rüsvayedici məlumatlar yayacağı ilə hədələdiyini və pul tələb etdiyini bildirib. Bölmə əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində əvvəllər dəfələrlə məhkum olunmuş Qazax rayon sakini Saleh Hüseynov zərərçəkəndən 500 manat almaq istəyərkən saxlanılaraq Qobu Polis Bölməsinə gətirilib. Onun üzərində şəxsi axtarış aparılan zaman hədə-qorxu yolu ilə əldə etdiyi pul vəsaiti, saxta jurnalist vəsiqələri və digər maddi sübutlar aşkar olunaraq götürülüb. O, ifadəsində özünü jurnalist kimi təqdim edərək qeyd edilən hadisəni törətdiyini etiraf edib.
“Faktla bağlı Qobu Polis Bölməsində toplanan materiallar araşdırmaların davam etdirilməsi üçün Abşeron Rayon Polis İdarəsinin İstintaq Şöbəsinə göndərilib. Bu şəxsin Abşeron rayonu, eləcə də, paytaxt ərazisində digər analoji cinayətlər etdiyi istisna olunmur. S.Hüseynovun qanunsuz əməllərindən zərər çəkən başqa vətəndaşlar varsa, bu barədə Abşeron RPİ-yə və ya ərazi üzrə polis orqanlarına, həmçinin Nazirliyin 102 Xidməti – Zəng Mərkəzinə məlumat verə bilərlər”, – deyə məlumatda qeyd edilir.