Press "Enter" to skip to content

Ermənistanın cinayətləri: QHT-lər Gəncədən dünyaya səsləndi – VİDEO

Bayraqdar.info – Oktyabrın 3-də Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi Müşahidə Şurasının sədr müavini, Prezident Administrasiyasının məsul əməkdaşı Vüsal Quliyevin başçılığı ilə bir qrup QHT təmsilçisi Gəncə şəhərində olub.

Qonaqlar əvvəlcə 2020-ci ilin 44 günlük Vətən savaşı günlərində işğalçı Ermənistanın Gəncənin raket atəşlərinə məruz qalmış məkanlarından birində olublar. Burada onları Gəncə şəhər icra hakimiyyətinin başçısı Niyazi Bayramov, Milli Məclisin üzvləri Pərvin Kazımzadə, Naqif Həmzəyev və digər rəsmi şəxslər qarşılayıb.

N.Bayramov qonaqlara ötən il oktyabrın 4-dən 17-dək müddətdə şəhərin müxtəlif istiqamətlərinin raket atəşinə tutulması haqqında məlumat verib. O, qeyd edib ki, bu raket hücumları nəticəsində 26 dinc sakin həlak olub, yüzlərlə sakin yaralanıb, onlara məxsus evlər dağıdılıb. Başçı əlavə edib ki, qısa müddət ərzində zərər çəkən şəxslərin evlə təmin edilməsi, müalicəsi və təzminat məsələləri həll edilib. O da bildirilib ki, müharibə günlərində həlak olan dinc sakinlərə də şəhid statusu verilib və onlar bu statusdan irəli gələn münasibətlə təmin edilib.

Daha sonra Gəncə Heydər Əliyev Mərkəzində Bakıdan gələn və yerli QHT təmsilçilərinin iştirakıyla toplantı keçirilib. Çıxışlarda Ermənistanın işğal siyasəti, özəlliklə də savaş bölgəsindən uzaq olan Gəncəni davamlı raket atəşlərinə tutması yönündə fikirlər səsləndirilib. O da qeyd edilib ki, QHT-lər bu gerçəklərin dünyaya çatdırılmasında müstəsna rol oynayır və oynamağa da davam etməlidir.

Toplantının sonunda Ermənistanın hərbi cinayətləri ilə bağlı QHT-lərin beynəlxalq ictimaiyyətə müraciəti qəbul edilib. (Mətni aşağıda əlavə edilir.)

Bundan sonra iştirakçılar “Nizami Gəncəvi İli” çərçivəsində dahi şairin məqbərəsini ziyarət etməklə Gəncə səfərini yekunlaşdırıblar.

Ermənistanın Azərbaycanın şəhər və rayonlarına qarşı törətdiyi hərbi cinayətlərlə bağlı Azərbaycan QHT-lərinin beynəlxalq ictimaiyyətə müraciəti

2020-ci il sentyabrın 27-də Ermənistan Respublikası silahlı qüvvələrinin ölkəmizə qarşı törətdiyi növbəti hərbi təxribata cavab olaraq, Azərbaycan Respublikasının Silahlı Qüvvələri əks-hücum əməliyyatlarına başlamış və 44 gün ərzində Azərbaycan Respublikasının işğalda olan torpaqlarını azad etmişdir.

Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə rəşadətli ordumuzun həyata keçirdiyi uğurlu hərbi əməliyyatlar nəticəsində Ermənistan silahlı qüvvələri darmadağın edilmişdir. Ermənistan hakimiyyəti döyüş meydanındakı rüsvay məğlubiyyətlərinin əvəzini çıxmaq üçün cəbhə xəttindən kənarda yerləşən şəhər və rayonlarımızdakı mülki əhalini hədəf seçmiş, müxtəlif növ ağır silahlarla, o cümlədən artilleriya və ballistik raketlərlə atəşə tutaraq insanlıq əleyhinə cinayətlər və müharibə cinayətləri törətmiş, mülki şəxsləri, o cümlədən qadın və uşaqları vəhşicəsinə qətlə yetirmiş, insanların əmlakına, infrastruktur obyektlərinə irimiqyaslı zərər vurmuşdur.

Belə ki, Azərbaycanın ikinci böyük şəhəri Gəncə 4, 5, 8, 11 və 17 oktyabr tarixlərində raket və ağır artilleriya hücümlarına məruz qalmışdır. Ümumilikdə bu dəhşətli terror nəticəsində 26 nəfər həlak olmuş, 175 nəfər yaralanmış, çoxsaylı mülki infrastruktur obyektlərinə və nəqliyyat vasitələrinə külli miqdarda ziyan dəymişdir. Eyni zamanda, Azərbaycanın digər böyük şəhəri olan Bərdədə törədilmiş terror nəticəsində 29 nəfər həlak olmuş, 112 nəfər yaralanmış, rayonda yerləşən mülki infrastruktur obyektlərinə külli miqdarda ziyan dəymişdir.

Ümumilikdə Ermənistan hakimiyyətinin tapşırığı əsasında təkcə Gəncə və Bərdə deyil, eyni zamanda Yevlax, Beyləqan, Tərtər, Qəbələ, Goranboy, Ağcabədi, Xızı və digər şəhər və rayonlarımız ballistik raketlər və digər ağır artilleriya qurğularından atəşə tutulmuşdur. Bu hərbi təcavüz nəticəsində 12-si uşaq, 27-si qadın olmaqla 93 mülki şəxs həlak olmuş, 454 mülki vətəndaş yaralanmış, ümumilikdə 12292 yaşayış və qeyri yaşayış sahəsinə, 288 nəqliyyat vasitəsinə ziyan dəymişdir.

Bu sadalanan səbəblərdən, biz, Azərbaycan QHT-ləri, dərin narahatlıq hissi ilə beynəlxalq ictimaiyyətin diqqətini Ermənistanın siyasi və hərbi rəhbərliyinin 1 il öncə insanlıq əleyhinə törətdiyi cinayətlərə cəlb edir və beynəlxalq humanitar hüququn, xüsusilə 1949-cu ildə qəbul edilmiş Cenevrə Konvensiyasının Ermənistan tərəfindən kobud şəkildə pozdulduğunu bildiririk.

Biz, bu müraciətə imza atan, Azərbaycanda fəaliyyət göstərən QHT-lər adından dünyada fəaliyyət göstərən hüquq müdafiə təşkilatlarına, QHT-lərə, media təmsilçilərinə, parlament üzvlərinə və hökumətlərə müraciət edir, Ermənistanın Azərbaycanın mülki əhalisinə qarşı törətdiyi hərbi cinayətlərə etiraz etməyə və bu cinayət əməllərini qəti şəkildə pisləməyə çağırırıq.

3 oktyabr 2021-ci il, Gəncə şəhəri

Mission News Theme by Compete Themes.