Oktyabrın 4-ü 2021-ci ildə Prezident İlham Əliyev Cəbrayıl şəhərinin yenidən qurulmasının təməlini atdı…
Ötən ilin bu günü… 4 oktyabr 2020-ci il… Ermənistanın işğalında olan Qarabağ adlı Vətən torpaqlarının işğaldan qurtarılması üçün aparılan müharibənin 8-ci günü…
Ötən ilin bu günü Cəbrayıl rayonunun ilk 9 kəndinin işğaldan azad edildiyini eşidəndə qulaqlarımıza inandıqmı? İnanmadıq. Amma bu, reallıq idi. Biz isə nəsə qeyri-adi bir hadisənin baş verdiyini anlayırdıq.
Bu işğaldan qurtulma ilə 30 il ərzində hər ay Dağlıq Qarabağın bir rayonunun, bəzən də bir neçə rayonun işğal günlərini qeyd etməklə qaysağı qopub qanayan yaramıza sanki bir məlhəm çəkildi.
O məlhəm 30 il durmadan qanayan yaramızı sürətlə sağaltdı.
Mən Qarabağ torpaqlarında doğulub böyüməmişəm, o gözəllikləri, o cənnət məkanı gözlərimlə də görməmişəm. Amma Vətənin o başı, bu başı yoxdur ki… Vətənin hər yeri Vətəndir. Sevə-sevə, doya-doya yaşadığımız Vətən… Bizim cənnətimiz Vətən…
30 ildə biz nələr çəkdik, ilahi! Ürəkdən deyib gülə bilmirdik ki, işğalda qalmış torpaqlarımız var. Toylarda əl qaldırıb rəqs edəndə də içimizdəki ağır bir yüklə rəqs edirdik ki, bizim işğalda qalan torpaqlarımız var. Necə içdən sevinmək olar axı? Mümkünmü? Hansısa əzizimizin xoş günündə bir gözümüz güləndə digər gözümüzdən Xocalı faciəsinin göz yaşları tökülürdü.
Bu hissləri sözlə ifadə etmək olmur. Bunu yaşayanlar bilir ki, mən nəyi qəsd edirəm.
Zəfərin ilk işartıları Cəbrayıl rayonunun kəndlərinin işğaldan qurtarılması ilə gələndə gözlərimizdə ilk sevinc göz yaşları da göründü.
Cəbrayıl rayonunun da maşallahı varmış – 97 kənd. Hamısı da bir-birindən gözəl, bir-birindən böyük, bir-birindən mənzərəli.
Bu an bir yuxuydu, incədən-incə,
Hələ ayılmayım qoy ondan, aman…
Bəxtiyar Vahabzadənin bu “Yuxu” şeiri də sanki bizim üçün gözlənilməz olan tilsimi qırılmış bir hadisəyə ünvanlanmışdı. Doğrudan da, sanki torpaqlarımızın 30 illik tilsimi qırıldı. Nəhayət ki, işğaldan azad edilmə xəbərləri ardıcıl olaraq gələndə şok effektli xəbərlər milləti ayağa qaldırdı. Millət 1988-ci ildə meydanlara necə axışmışdısa, indi rayonlar bir-bir işğaldan azad edildikcə, heç bir koronavirus xəstəliyinin təhlükəsinə də baxmayaraq meydanlara, parklara axışıb “Qarabağ” sədaları ilə paytaxt küçələrində idi. Belə tarixi anlar həmişə baş vermir…
Biz sevincdən göz yaşları da tökdük, içdən “Qarabağ” deyə qışqırdıq da… Gələn sevincli xəbərlərdən içimizdəki hayqırtını saxlaya bilmədik. Çığırdıq, bağırdıq, sevindik, ağladıq, güldük, “Qarabağ” mahnısını oxuduq. Eyvanlara bayraqlarımzı taxdıq.
Qələbə bizim idi. Bu qələbəni isə bizə Müzəffər Ali Baş Komandan, Prezidentimiz İlham Əliyev yaşatdı. O, bir anda milyonların sevimli qəhrəmanına çevrildi.
Bilirsiniz, indiyə qədər çox milli qəhrəmanlarımız olub. Şah İsmayıl Xətai, Koroglu, Babək kimi qəhrəmanlarımızın sırasında indi İlham Əliyev də var.
Bizə bu şanlı zəfər günlərini, qələbə müjdəsini yaşatdığı üçün bütün dünya azərbaycanlılarının Ali Baş Komandanına – Prezidentimizə təşəkkürümüzü bildiririk. Allah bütün türk dünyasını, millətimizi və bizə bu qələbəni qazanmaqda köməkçi olan hər bir insanı qorusun. Amin!