Bayraqdar.info – “İrəli” İctimai Birliyi tərəfindən gənclərdə vətənpərvərlik hissinin aşılanması və onların bu ruhda tərbiyə alması istiqamətində paytaxtda və bölgələrdə silsilə tədbirlər reallaşdırılır. Bununla əlaqədar olaraq “İrəli” İctimai Birliyi Azərbaycan Gənclər Fondunun dəstəyi ilə “Müzəffər Əsgərimiz” layihəsini həyata keçirir.
Bu barədə bayraqdar.info-ya İctimai Birlikdən məlumat verilib.
Bildirilib ki, layihə 44 günlük Vətən müharibəsində ölkənin ərazi bütövlüyü uğrunda canlarından keçən qəhrəmanların xatirəsinin əbədiləşdirilməsi məqsədi daşıyır. Layihə çərçivəsində əvvəlcədən müəyyən olunmuş 14 şəhər və rayona gənclərin səfəri nəzərdə tutulur. Artıq indiyədək Bakı şəhəri, Masallı, Quba, Qusar, Neftçala və Biləsuvar rayonlarına səfərlər təşkil olunub. Səfər zamanı “İrəli” komandası qəhrəman şəhid və qazilərin ailə üzvlərini ziyarət edib, şəhidlərin həyat yolundan, onların uşaqlıq xatirələrindən, həmçinin, Vətən müharibəsində iştirakınadək işğal altında olmuş torpaqlarla bağlı təəssübkeşliyindən danışılıb.
Görüşlər zamanı ziyarət olunan ailələrə qəhrəmanların əziz xatirəsinə həsr olunmuş portret təqdim edilib.
Həmçinin, şəhidlərin, qazilərin həyat hekayələrini, onların keçdiyi döyüş yolunu ictimaiyyətə çatdırmaq məqsədilə ümumilikdə 7 qısametrajlı videoçarx çəkiləcək. Çəkilişlərdə xüsusi olaraq müxtəlif etnik qruplardan olan qəhrəmanlar yer alacaq. Burada da əsas məqsəd Ulu Öndərin əsasını qoyduğu azərbaycançılıq ideologiyasının əhəmiyyətini diqqətə çatdırmaqdan ibarətdir.
Bununla yanaşı, Vətən müharibəsi zamanı bütün millətlərin, etnik qrupların nümayəndələrinin iştirakını vurğulamaq, beləliklə, xalqın Vətən sevgisi, vahid dil və dövlətçilik naminə güclü konsolidasiyasını ölkə ictimaiyyətinə çatdırmaq layihənin bu istiqamətdə əsas məqsədləri sırasındadır.
Qeyd edilib ki, “İrəli” İctimai Birliyi tərəfindən layihə çərçivəsində Sabirabad, Qazax, Tovuz, İsmayıllı, Qəbələ, Şəki, Qax, Zaqatala rayonlarına da səfərlər təşkil ediləcək.
Sonda çəkilən videoçarxlar müxtəlif zamanlarda həm sosial şəbəkələrdə, həm də paxtaxt və regionlarda nümayiş etdiriləcək.