Bayraqdar.info – “Qarabağda artıq işğal bitib, bundan sonra inkişaf və çiçəklənmə dövrü başlayır.”
Bunu bayraqdar.info-ya açıqlamasında Türkiyənin Azərbaycandakı sabiq səfiri Hulusi Kılıç deyib.
Füzuli Hava Limanının inşasının da postmüharibə dövründəki inkişaf və çiçəklənmənin bir nümunəsi olduğunu deyən H.Kılıç bu layihənin reallaşmasının mühüm əhəmiyyət kəsb etdiyini bildirib.
Onun sözlərinə görə, işğaldan azad edilmiş torpaqda inşa edilən Füzuli Beynəlxalq Hava Limanı bir çox məqamlarına görə, diqqət mərkəzindədir: “Əvvəla, qısa zaman ərzində inşa edilən bu hava limanı Azərbaycanın qətiyyətini, işğaldan azad edilmiş torpaqları dirçəltmək əzmini nümayiş etdirir. İkincisi, bu hava limanının istifadəyə verilməsi işğaldan azad edilmiş ərazilərdə aparılan işləri daha da sürətləndirməyə kömək edəcək. Nəhayət, hava limanının açılışı tarixdə xüsusi olaraq qalacaq”.
Keçmiş səfirin sözlərinə görə, hava limanının açılışında Türkiyə Cümhurbaşqanı Recep Tayyip Erdoğanın iştirakı Türkiyə-Azərbaycan qardaşlığının daha bir nümunəsi kimi tarixə düşəcək: “Hesab edirəm ki, bu, eyni zamanda region ölkələrinə, xüsusilə Ermənistana da vacib bir mesaj olacaq. Yəni, Türkiyə və Azərbaycan bölgədə sülhün, sabitliyin bərqərar olmasını istəyir, addımlarını da bu istiqamətdə atır. Qarabağda aparılan yenidənqurma işləri və Füzuli Beynəlxalq Hava Limanı bunun ən bariz nümunəsidir. Ermənistan dövləti və cəmiyyəti bundan dərs çıxarmalıdır. Əgər revanşizm xəyallarından əl çəkib ədalətli bir sülh müqaviləsinin imzalanmasına razı olsalar, onlar da bölgədə yaranan yeni imkanlardan faydalana biləcəklər”.
“Füzuli Beynəlxalq Hava Limanı Qarabağın hava qapısı olacaq. Yaxın gələcəkdə buraya turistlər axın edəcək və iqtisadi canlanmadan hər kəs fayda götürəcək”, – deyə H.Kılıç sonda əlavə edib.