Bayraqdar.info – Əfqanıstanda faktiki hakimiyyətdə olan Talibanın Baş nazirinin 1-ci müavini Molla Abdul Qəni Bəradər sentyabrın 30-da keçirilən bir toplantıda xarici ölkələri Kabildəki səfirliklərini bərpa etməyə çağırıb.
Xəbəri oktyabrın 1-də TOLO News yayıb.
Rusiya, Çin və Pakistan səfirlərinin də iştirak etdiyi toplantıda Talibanın xarici işlər naziri Əmir Xan Müttəqi ilə bərabər bir sıra rəsmilər də iştirak edib.
M.A.Q.Bəradər öz çıxışında bildirib ki, “İslam Əmirliyinin hansısa ölkəyə zərər vermək kimi bir siyasəti yoxdur və ölkələr Kabildəki səfirliklərini bərpa etməlidir”.
O, eyni zamanda əlavə edib ki, “əgər kiminsə bizimlə problemi varsa, bunu danışıqlar və qarşılıqlı anlaşma yoluyla həll etməyə hazırıq”.
“Əfqanıstanın gələcəyi sülh yurdu olmaqdan keçir”, – deyə M.A.Q.Bəradər bildirib.
Ə.X.Müttəqi də qeyd edib ki, onlar yeni siyasi mərhələyə qədəm qoymaq istəyirlər.