Bayraqdar.info – Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Hacı Allahşükür Paşazadə sentyabrın 30-da Rusiya Federasiyasının Yaroslavl şəhərində keçirilən VIII Parlament Forumunda videokonfrans formatında iştirak edib.
Bu barədə QMİ-nin Mətbuat xidməti xəbər yayıb.
Xəbərdə qeyd edilir ki, Rusiya Federal Məclisi Federasiya Şurasının sədri Valentina Matviyenkonun şəxsi dəvəti ilə Parlament forumuna qonaq qismində dəvət olunmuş MDB Dinlərarası Şurasının həmsədri Şeyxülislam A.Paşazadə tədbirdə onlayn çıxış edib.
Şeyxülislam A.Paşazadə öz çıxışında xüsusi vurğulayıb ki, ənənəvi dinlərin mənəvi dəyərləri bəşəriyyəti qarşılıqlı anlaşma, dünya miqyasında əməkdaşlığa, sülh və sabitliyin möhkəmləndirilməsi işinə öz dəyərli töhfəsini verməyə dəvət edir. O, bildirib ki, hazırkı mürəkkəb dövrdə cəmiyyətlərdə həmrəylik və qarşılıqlı anlaşmaya nail olmaq yönündə mədəniyyətlərarası, dinlərarası dialoq, habelə dövlət, dini və ictimai qurumların əməkdaşlığı xüsusi önəm kəsb edir.
“Parlament Forumu çərçivəsində “Rusiya xalqlarının tarixi-mədəni irsinin dinlərarası dialoq prosesinə töhfəsi” mövzusunda keçirilən bölümdə 2022-ci ilin mayında Sankt-Peterburqda baş tutacaq Mədəniyyətlərarası və dinlərarası dialoqa dair Ümumdünya Konfransına hazırlıq məsələləri müzakirə edilib.
“Forumda RF dövlət hakimiyyəti orqanları nümayəndələrinin, Rusiya və xarici ölkələrin tanınmış ictimai, təhsil, elmi-tədqiqat müəssisələrinin, kütləvi informasiya vasitələri nümayəndələri iştirak edib”, – deyə xəbərdə bildirilir.