Press "Enter" to skip to content

Muzeydə saxlanılan çəkmə formalı saxsı qablar

Bayraqdar.info – Milli Azərbaycan Tarixi Muzeyinin arxeoloji kolleksiyası unikal materiallarla zəngindir. Maraqlı nümunələrin kiçik bir hissəsini Qızılburundan və Mingəçevirdən aşkar edilmiş çəkmə formalı gil qablar təşkil edir.

Muzeydən bayraqdar.info-ya verilən məlumatda bildirilir ki, Sovet arxeoloqu Aleksandr Müller tərəfindən 1926-cı ildə Qızılburundan tapılmış çəkməformalı gil qab qırmızı rənglidir.

1946-1953-cü illərdə də arxeoloq Saleh Qazıyevin rəhbərliyi ilə Mingəçevirdə aparılmış arxeoloji qazıntılar zamanı çox bükülü torpaq qəbirlərdən çəkməformalı gil qablar aşkar olunub. Bunlar çarığa bənzəyən quruluşlara malik olub, boz rənglidir. Bu qablar içinin boş və dolu olmasına görə fərqlənirlər.

“Maraqlıdır ki, çəkməformalı gil qablara yalnız qəbirlərdə rast gəlinir. Həmin qablara qəbirlərdə rast gəlinməsi tədqiqatçılar tərəfindən dəfn ayini – ölünü sanki “o biri dünyaya” yola salmaq və ona “yaxşı yol” arzulamaq kimi izah olunur. Azərbaycandan tapılmış çəkməformalı gil qablar sovet tarixçisi Qavriil İone tərəfindən ayrıca öyrənilib. O, bu qabların dövrünü e.ə. I minilliyin birinci yarısına aid edir.

“Qeyd edək ki, bu saxsı qablar Naxçıvan və Xocalı-Gədəbəy arxeoloji mədəniyyəti tayfalarının həm geyim zövqünü, həm də axirət dünyası haqqında təsəvvürlərini öyrənmək üçün əhəmiyyətlidir”, – deyə məlumatda bildirilir.

Mission News Theme by Compete Themes.