Press "Enter" to skip to content

KKTC həmişə Türk Keneşinin diqqət mərkəzində olub

Bayraqdar.info – Noyabrın 12-də İstanbulda Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (Türk Keneşi) növbəti Zirvə görüşü keçiriləcək. Bu görüşdə quruma sədrlik Azərbaycandan Türkiyəyə keçəcək. Eyni zamanda, məhz İstanbul Zirvə görüşündə Türkmənistanın təşkilata tamhüquqlu üzv olacağı gözlənilir. Bununla da 6 dövlət – Türkiyə, Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Özbəkistan və Türkmənistan Türk Keneşinin tamhüquqlu üzvünə çevriləcək. Ən önəmli məqamlardan biri isə odur ki, qurumun adının da dəyişdirilərək Türk Dövlətləri Təşkilatı adlanacağı gözlənilir. Bir sözlə, Türk Keneşinin İstanbul Zirvəsi bir çox məqamlarına görə dünyanın diqqət mərkəzində olacaq. Onu da qeyd edək ki, bu Zirvədə Kuzey Kıbrıs Türk Cümhuriyyəti ilə bağlı da qərarın qəbulu gözlənilir.

Məsələyə münasibət bildirən millət vəkili Ramil Həsən bayraqdar.info-ya açıqlamasında deyib ki, KKTC Türk Keneşinin bütün Zirvə görüşlərində diqqət mərkəzində olub: “Qeyd edim ki, Türk Keneşinin dövlət başçılarının Zirvə görüşlərində bütün yekun bəyannamələrin bir bəndi mütləq KKTC-yə həsr olunub. Həmin bənddə Kıbrıs türkləri ilə həmrəylik ifadə olunub və adada problemin həllinə dair çağırışlar edilib. Bunu mən Türk Keneşinin Baş katibi olduğum 2014-2018-ci illərdə yaxından izləmişəm. Heç şübhəsiz, bu dəfə də ənənəyə sadiq qalınacaq”.

Bu dəfəki Zirvədə KKTC-nin Türk Keneşinə hansısa formada üzv qəbul ediləcəyinə dair məsələyə gəlincə, R.Həsən aşağıdakıları bildirib: “Türk Keneşində bütün qərarlar konsensus əsasında qəbul edilir. Bu baxımdan, KKTC-nin prosesdə hansısa formada iştirak edib-etməməsi ilə bağlı yekun qərar dövlət başçılarının müstəsna səlahiyyətinə aiddir. Bu qərarın necə olacağı isə 12 noyabrda bəlli olacaq. Hesab edirəm ki, Zirvədə beynəlxalq hüquq normaları çərçivəsində, hər kəsin milli maraqlarına xidmət edən, o cümlədən də Kıbrıs türklərinin qanuni və beynəlxalq hüquq normaları çərçivəsində haqlarını təsbit edəcək ortaq nəticə hasil ediləcək”.

Mission News Theme by Compete Themes.