Bayraqdar.info – Türk Keneşi, London Aytmatov Akademiyası, Qırğızıstanın İstanbul baş konsulluğu və İstanbul Universiteti birlikdə oktyabrın 1-də “Çingiz Aytmatov və türk dünyası” adlı beynəlxalq konfrans keçirib.
Xəbəri Türk Keneşi oktyabrın 1-də yayıb.
Konfransda türk dünyasının böyük oğlu, dünyaca məşhur yazıçı və ictimai xadim, diplomat Çingiz Aytmatovun həyat və yaradıcılığı haqqında fikirlər səsləndirilib.
Türk Keneşi Baş katibinin müavini Sultan Rayev Ç.Aytmatovun “türk dünyasının ən önəmli ədəbiyyat insanı” olduğunu qeyd edib. O, deyib ki, Ç.Aytmatovun əsərləri dünyanın 160-dan çox dilinə tərcümə edilib. Bu isə türk mədəniyyətini və ədəbiyyatını tanıtma baxımından üstün bir xidmətdir.
London Aytmatov Akademiyasının rəhbəri Prof. Dr. Rəhimə Abduvəliyeva Ç.Aytmatovun şəxsiyyətinin, əsərlərinin və həyatının fərqli qitələrdən olan insanların iç dünyasına nüfuz etdiyini, onların könüllərini qazandığını deyib.
Qırğızıstanın baş konsulu Lira Sıdıkova isə böyük yazarın özündən sonra böyük əsərlər buraxdığını, bu əsərlərilə bir çox sənət adamına ilham qaynağı olduğunu bildirib.
İstanbul Universiteti Avrasiya Araşdırmaları və Fərabi Araşdırma Mərkəzinin müdiri Prof.Dr. Abdullah Kızılcık, Universitetin Ədəbiyyat Fakültəsi Çağdaş Türk Dilləri Bölümünün başqanı Prof. Dr. Mehmet Ölmez və Kastamonu Universiteti Çağdaş Türk Ləhcələri və Ədəbiyyatları Bölümü başqanı Prof. Dr. Orhan Söylemez də açılışda çıxış edib.
Tədbirdə Qırğızıstanlı sənətçilərin ifaları dinlənilib, Ç.Aytmatovun həyatı və əsərləri haqqında videolar göstərilib.