Press "Enter" to skip to content

Bakıda Beynəlxalq Kitab Sərgi-Yarmarkası keçiriləcək

Son yeniləmə: 1 Oktyabr 2021 11:18

Bayraqdar.info – Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə 6-10 oktyabr 2021-ci il tarixində Bakı Ekspo Mərkəzində VII Bakı Beynəlxalq Kitab Sərgi-Yarmarkası keçiriləcək.

Xəbər bayraqdar.info-ya Mədəniyyət Nazirliyindən verilib.

Xəbərdə bildirlir ki, kitab festivalı dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin 880 illik yubileyinə ithaf olunur.

Sərginin əsas məqsədi cəmiyyətdə kitaba olan marağı artırmaq və mütaliə mədəniyyətini təbliğ etmək, oxucuları nəşriyyat işi sahəsində olan rəqəmsal yeniliklərlə tanış etməkdir. Həmçinin, ölkədə kitab sənayesi sektorunun və müasir ədəbi proseslərin inkişafını dəstəkləməkdir.

İştirakçılar üçün 6 kvadrat metrə qədər ekspozisiya sahəsi və lazımı avadanlıqlar Nazirlik tərəfindən ödənişsiz olaraq təmin edilir.

“Yarmarkada 43 xarici təşkilat, 99 yerli nəşriyyat-poliqrafiya və kitab sənəti ilə əlaqəli müəssisə iştirak edəcək və sərgi müddətində müxtəlif formatda 139 tədbir təşkil olunacaq.

“Sərgidə uşaqlar üçün N.Gəncəvinin əsərlərinin motivləri əsasında kukla tamaşaları, “uşaq aləmi”, nağıl saatları, uşaq yazarları ilə görüşlər, uşaqlar və böyüklər üçün master-klaslar, inklüzivlik və digər aktual mövzular üzrə kitab təqdimatları keçiriləcək. Bundan başqa, imza günləri, konfranslar, simpoziumlar, kitab sənayesi sektorunun subyektləri arasında əməkdaşlıq platformaları və musiqi proqramları təşkil ediləcək.

“Azərbaycanın xalq yazıçıları və şairləri, tanınmış gənc yazarlar, məşhur xarici yazıçılar və aktyorlar sərgidə iştirak edəcəklər.

“Çingiz Abdullayev, Gülseren Buğdayıcıoğlu, Elxan Elatlı, Sinan Yağmur, Toğrul Mehti Niyazi, Ercan Kesel və digər tanınmış yazıçı və məşhur şəxslər sərgidə günün fəxri qonağı olacaqlar.

“İştirakçılar tərəfindən sərgidə satışa çıxarılacaq bütün kitabalara böyük endirimlər nəzərdə tutulur.

“Ziyarətçilər üçün sərgiyə “Koroğlu” metro stansiyasından hər yarım saatdan bir, “Elmlər Akademiyası” stansiyasının yanından isə hər saatdan bir avtobuslar hərəkət edəcək.

“Sərginin sponsoru bp şirkəti, TV tərəfdaşı Azərbaycan İctimai Televiziyasıdır. Festivala təşkilati dəstəyi “Caspian Event Organizers” şirkəti həyata keçirir”, – deyə xəbərdə bildirilir.

Mission News Theme by Compete Themes.