Press "Enter" to skip to content

“Bəyaz gecələr”in Səyyad Əlizadəsi də getdi

“Bəyaz gecələr”in Səyyad Əlizadəsi ilə tanışlığım uzun illər əvvələ təsadüf etmişdi. O zamanlar gənc, həyat dolu, hər günü toylarda keçən və hətta deyərdim ki, toylar növbəsi bitib-tükənməyən bir müğənni ilə görüşüb söhbət etmək mənim üçün də maraqlı idi.

Nə gizlədim, o vaxt çalışdığım qəzetin redaksiyası təmirsiz, içində siçanlar qaçışan bir yer olduğu üçün, ünlü adamları müsahibə götürmək üçün ora dəvət edə bilmirdik. Utanırdıq yəni. Ona elə o utancla zəng vurub müsahibə götürmək istədiyimi bildirdim, razılaşdı və təbii ki, onu redaksiyaya dəvət edə bilmədim. Mənim arxamca öz şəxsi avtomobili ilə gəlmişdi. Yadımdadır ki, görüş yerinə çatanda Gənclik tərəfdə metroya yaxın bir yerdə avtomobildən düşüb məni gözlədiyini gördüm. Zil qara saçlarını jele vurub arxaya daramışdı, qara şıq kostyum və parıldayan tufli geyinmişdi. Yəqin axşam toya gedəcəkdi. Gecikmişdim. Gecikmək adlı bir axmaq vərdişim var axı…

Səmimi görüşdük, təklif etdi ki, yaxında bir yerdə oturub söhbətləşək. Sakit və açıq bir kafedə əyləşib müsahibəmi götürdüm. Füzulidən idi və orada keçən uşaqlığından ağızdolusu danışırdı. Uşaq vaxtı Novruz çərşənbələri zamanı Füzulidə təpələrin üzərindən bir dəstə həmyaşıdı ilə “lopa” (lopa – möhkəm bir teli əyib başına əski dolayır, onu neftə batırıb yandırırdılar, qaçarkən külək yanğını daha da gücləndirirdi. Özüm də uşaq vaxtı o lopadan düzəldib yandırmışam – S.Ə.) düzəldib təpəaşağı qaçmalarından danışdı. Novruz bayramı ərəfəsində ilaxır çərşənbədə qapılara qurşaq atmasından danışmışdı. O da deyirdi ki, papağı qapıya atmazlar, biz uşaq olanda belimizə bağladığımız qurşağı açıb kənddəki tanıdığımız adamların, qohumların, qonşuların qapılarına atırdıq. Sonra səsimizi çıxarmadan gizlənib gözləyirdik.

Səyyad Əlizadə deyirdi ki, Füzulidə demək olar ki, hamı bir-biriylə qohumdur. O, Füzulidən, orada keçən uşaqlıq və gənclik illərindən o qədər sevgiylə, gözləri parıldaya-parıldaya danışırdı ki…

Mən çox az adamda torpağa, doğulduğu, böyüdüyü yerə belə sevgi görmüşəm.

Səyyad Əlizadə o qədər sadə və səmimi insan idi ki…

Köhnə kişilərə xas xüsusiyyətlər cəmləşmişdi onda. Heç vaxt kiminsə arxasınca qeybət etməzdi, kimləsə konfliktə girməzdi.

Mənə deyirdi ki, Allaha şükür, hər gün toydayam, bəzən 1 gündə 4-5 toy dəvətim olur. O zamanlar indiki kimi yarım saatlıq toya getmələr yox idi. Müğənni toyu əvvəldən sona kimi idarə edirdi. Mənə bir dəftər göstərdi, toyların siyahısı idi…

Onunla ayrılanda o qədər xoş təəssüratla ayrılmışdım ki… Səyyad Əlizadədən müsbət enerji almışdım. Onunla müsahibə çox böyük maraqla oxundu. Qəzetin bir qoşa səhifəsində verilən müsahibəni sevə-sevə saxlayırdı. Mənə zəng vurub təşəkkür edəndə belə demişdi: “İndiyə qədər məni belə içdən açan, bu cür xarakterizə edən, daxilimə nüfuz edən müsahibə olmamışdı. Çox təşəkkür edirəm.”

…Bundan sonra mən bir daha onunla rastlaşmadım.

Bu gün 63 yaşlı Səyyad Əlizadənin bədxah koronavirusun qurbanına çevrildiyini eşitdim. Çox üzüldüm, özü də çox. Yaxşı sənətkar idi.

Səyyad Əlizadə 1958-ci ildə Füzuli rayonunun Babı kəndində anadan olub. 19 yaşında Azərbaycan Dövlət Televiziyasında “Xoş gördük, tələbə” verilişində çıxış edib. Tələbəlik illərində İslam Rzayevin “Araz” ansamblında çalışıb. 1988-ci ildə Azərbaycan İncəsənət İnstitutunun nəzdindəki Bakı Xalq İncəsənət Universitetinə daxil olub və 1990-cı ildə vokal ixtisası üzrə iki illik kursu bitirib. 1987-ci ildə ilk “Təbrizim” adlı albomu buraxıb. 1990-cı il hadisələrindən təsirlənən müğənni “Azərbaycanım” adlı ikinci albomunu buraxıb. Son dövrdə “Bəyaz gecələr” Yaradıcılıq Mərkəzinə və “Bəyaz gecələr” MMC-yə rəhbərlik edirdi…

Mission News Theme by Compete Themes.