Bayraqdar.info – Sentyabrın 30-da ABŞ Konqresi Nümayəndələr Palatasının xarici işlər komitəsi “Uyğur siyasəti qanunu”nu təsdiq edib.
Bu haqda xəbər bayraqdar.info-ya Vaşinqton mərkəzli Uyğur İnsan Haqları Layihəsindən (UHRP) daxil olub. Qurumun icraçı direktoru Ömer Kanat bildirib ki, “bu qanun uyğur məsələsinə münasibətdə hökumətin geniş yanaşmasını koordinə etmək baxımından vacibdir”.
Qanun ABŞ hökuməti tərkibində uyğur məsələləri üzrə xüsusi koordinator vəzifəsinin təsis edilməsini nəzərdə tutur. Bu koordinator uyğurlarla bağlı bütün məsələləri diqqətdə saxlayacaq. Eyni zamanda BMT-nin Doğu Türkistandakı durumu müşahidə edib hesabatlar hazırlamaq üçün xüsusi məruzəçi və ya işçi qrupu təşkil etməsi də nəzərdə tutulur.
UHRP qanun layihəsini təqdim etmiş Kaliforniyalı Respublikaçı konqresmen Yang Kimə buna görə təşəkkür edib. O, layihəni təqdim edərkən deyib ki, “Çin uyğurlar və digər türk xalqlarına qarşı dövlət səviyyəsində soyqırım tətbiqini davam etdirir. Eyni zamanda bütün dünyanın bu məsələyə göz yumması üçün basqılar gerçəkləşdirir. Biz elə bir siyasət yürütməliyik ki, Çinin insan haqları pozuntularına və insanlıq əleyhinə cinayətlərinə təzyiqlər artsın”.