Bayraqdar.info – 1 oktyabr 1949-cu ildə kommunist Çinin Doğu Türküstan Cümhuriyyətini növbəti dəfə işğal etməsindən 72 il keçir. Bu tarix bütün dünya uyğurlarının və ümumilikdə türklərinin yaddaşında qara gün kimi həkk olunub. Aradan keçən bu qədər müddət ərzində Çin dövləti uyğurları yox etmək üçün hər cür insanlıq dışı yöntəmə əl atır. Bunların arasında uyğur uşaqlarının orqanlarının bazarlanması, qadınların qısırlaşdırılması, uyğur gənclərin ailələrindən alınaraq ölkənin bilinməz tərəflərində yox edilməsi, bir milyondan çox uyğurun işgəncə düşərgələrində saxlanılması da var.
Bu zülm davam etməkdəykən dünyanın ən böyük dövlətləri Çinlə açıq münasibətlərini davam etdirir, onun zülmlərinə göz yumur. Belə bir şəraitdə uyğur xalqının maraqlarını qoruyan vətəndaş cəmiyyəti qurumları mümkün dinc vasitələrlə öz etirazlarını bildirirlər.
Etiraz tədbirlərindən biri də Uluslararası Doğu Türkistan Vətəndaş Cəmiyyəti Qurumları Birliyinin oktyabrın 1-də İstanbulda Çin baş konsulluğu qarşısına planladığı etiraz aksiyasıdır.
Təşkilatçıların verdiyi məlumata görə, bu cür aksiyalar yalnız İstanbulda deyil, dünyanın müxtəlif bölgələrində təşkil ediləcək. Onlar ümid edirlər ki, heç olmasa bundan sonra dünya insanların gözü qarşısında yaşanan uyğur soyqırımına biganə qalmaz.