Press "Enter" to skip to content

Ölkə prezidenti öz evini dövlətə bağışladı

Bayraqdar.info – Qırğızıstan Prezidenti Sadır Caparov ailəsinə məxsus fərdi evi qarşılıqsız olaraq Dövlət İpoteka Şirkətinə bağışlayıb. Bişkek şəhərində yerləşən evin sənədləri və açarları şəxsən Prezident və ailəsi tərəfindən Şirkətin rəhbəri Aida Tologonovaya təqdim edilib.

Bu haqda xəbər Qırğızıstan Prezidentinin Administrasiyasından bayraqdar.info-ya sentyabrın 30-da daxil olub.

Prezident bildirib ki, evi 2005-ci ildə alıb. 2010-cu ildə yeni yaşayış yerinə köçdükdən sonra onu məktəbəqədər uşaq müəssisəsi kimi istifadəyə verib.

Dövlət başçısı deyib ki, bu hərəkətdən məqsədi “Mənim evim 2021-2026” proqramına uyğun olaraq ölkənin fərdi mənzil bazarına kiçik bir töhfə verməkdir.

S.Caparov xatırladıb ki, yeni dövlət proqramı qüvvəyə minib. Bu proqramla büdcə təşkilatlarında işləyənlər illik 4 faiz ödəməklə borc ala və o pulla fərdi mənzil əldə edə bilərlər.

Prezident evin hərraca çıxarılmasını da təklif edib. O, qeyd edib ki, belə olacağı təqdirdə həmin evdən əldə edilən vəsaitə əlavə mənzillər də almaq olar. Bu isə ehtiyacı olanlara əlavə yardım deməkdir.

Qeyd edək ki, Qırğızıstanda 16 sentyabr 2021-ci ildən gerçəkləşdirilməyə başlayan “Mənim evim 2021-2026” proqramı vətəndaşların mənzil əldə etməsinə əlavə dəstək üçün nəzərdə tutulub. Bu proqramda iştirak iki kateqoriya üzrə mümkündür:

“Güzəştli ipoteka” – illik 4 faiz (dövlət qulluqçuları və büdcə təşkilatlarında işləyənlər üçün)
“Əlçatan ipoteka” – illik 8 faiz (digər vətəndaşlar üçün).

Mission News Theme by Compete Themes.