Bayraqdar.info – M.F.Axundzadə adına Azərbaycan Milli Kitabxanası Düşənbədə keçirilən “Müstəqil Dövlətlər Birliyi kitabxanalarının üç onillik tərəfdaşlığı: istinadlar və inkişaf strategiyaları” adlı kitabxanaçıların beynəlxalq konfransında iştirak edib.
Bu haqda sentyabrın 30-da Kitabxanadan bayraqdar.info-ya bildirilib.
Konfrans Düşənbə şəhərinə “Birliyin Mədəniyyət Paytaxtı – 2021” statusu verilməsi və MDB-nin yaranmasının 30 illiyinə həsr olunmuş tədbirlər çərçivəsində həyata keçirilib.
“Beynəlxalq konfrans Düşənbə şəhəri Dövlət İcra Hakimiyyəti orqanının, Rusiya Dövlət Kitabxanasının, Tacikistan Milli Kitabxanasının, Avrasiya Kitabxanalar Assambleyasının, MDB-yə üzv dövlətlərin Humanitar Əməkdaşlıq üzrə Dövlətlərarası Fondunun (IFES) dəstəyi ilə baş tutub.
“Konfransda MDB ölkələrinin kitabxanalarının rəhbərləri və mütəxəssisləri iştirak ediblər.
“Konfransın əsas məqsədi 30 illik tərəfdaşlıq kontekstində MDB ölkələri kitabxanalarının nailiyyətlərini və təcrübələrini ümumiləşdirmək, perspektivli əməkdaşlıq strategiyaları təklif etməkdən ibarət olub.
“Beynəlxalq konfransda Tacikistan Milli Kitabxanasının direktoru Fayzalizoda Jumaxon Xoloviç, Azərbaycan Milli Kitabxanasının direktor müavini Ədibə İsmayılova, Belarus Milli Kitabxanasının baş direktoru Oksana Yuryevna Knijnikova, Uşaqların mütaliəyə cəlb edilməsi üçün mədəni-maarif və incəsənət işçilərinin “Oxucunu maarifləndiririk” Birliyinin icraçı direktoru Lebedeva Anjela Eduardovna, Rusiya Milli Kitabxanasının Beynəlxalq fəaliyyətlər şöbəsinin müdiri Morozova Kseniya Borisovna, Rusiya Dövlət Kitabxanası Beynəlxalq şöbəsinin müdir müavini, Avrasiya Kitabxanalar Assambleyasının baş direktoru Neryuyeva Mariya Vladimirovna və digərləri çıxış ediblər”, – deyə xəbərdə bildirilir.
Xəbərdə qeyd edilir ki, konfransda Kitabxananı təmsil edən Ədibə İsmayılova “Azərbaycan Milli Kitabxanasının beynəlxalq əlaqələri MDB ölkələri kontekstində” mövzusunda məruzə ilə çıxış edib.
Direktor müavini Milli Kitabxananın dünyanın 70 ölkəsinin kitabxanası ilə beynəlxalq kitab mübadiləsi həyata keçirdiyini iştirakçıların diqqətinə çatdırıb.
Ə.İsmayılova Milli Kitabxananın Ehtiyat mübadilə fonduna məxsus “Salam Azərbaycan” və “Əbdürrəhman Cami. Seçilmiş əsərləri” kitablarını Tacikistan Milli Kitabxanasının fonduna bağışlayıb.