Press "Enter" to skip to content

Tapıntılar nüfuzlu xarici laboratoriyalarda analiz olunur

Bayraqdar.info – AMEA Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutu tərəfindən Heydər Əliyev Fondu və “AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin (QSC) dəstəyi ilə Çovdar nekropolunda aşkar edilmiş tapıntılar üzərində elmi tədqiqat işləri davam etdirilir.

“AzerGold” QSC və İnstitut arasında imzalanmış müqaviləyə əsasən, Son tunc – Erkən dəmir dövrünə (e.ə.II min. sonu – I min. əvvəli), Xocalı-Gədəbəy mədəniyyətinə aid tapıntıların kameral tədqiqi həyata keçirilir.

Bu barədə məlumat sentyabrın 29-da bayraqdar.info-ya “Azərgold” ASC-dən verilib.

“Layihə çərçivəsində 156 qəbrin yerləşmə planı hazırlanıb. 619 ədəd saxsı qab, 833 ədəd tunc və dəmir məmulat, 2 min 243 ədəd xırda tapıntı bərpa edilib. Bununla yanaşı, 136 insana aid sümüklər öyrənilib. Xatırladaq ki, arxeoloji layihəyə 2019-cu ilin fevral ayında “AzerGold” QSC-nin Daşkəsən rayonunda yerləşən Çovdar Filiz Emalı Sahəsində aparılan tikinti işləri zamanı qədim məzar nümunələrinin aşkar edilməsi ilə başlanılıb.

“Hazırda antropologiya sahəsində zəngin təcrübəyə malik yerli və əcnəbi mütəxəssislərin birgə əməkdaşlığı ilə nüfuzlu beynəlxalq laboratoriyalarda insan qalıqları əsasında DNT, radiokarbon, karbon və azot izotopları üzrə analizlərin aparılmasına başlanılıb”, – deyə məlumatda qeyd edilir.

Daha sonra məlumatda Xocalı-Gədəbəy mədəniyyətinin tədqiqi üzrə ilk dəfə həyata keçirilən DNT analizinin qədim tayfaların regionun digər xalqları ilə qohumluq əlaqələri barədə genetik məlumatların əldə edilməsinə imkan verəcəyi bildirilir.

“Sözügedən analizlər nəticəsində qədim tayfaların burada məskunlaşma tarixi, dəfn olunanların cinsi, yaşı, xəstəlikləri, ölüm səbəbi, qida rasionu haqda ayrıntılı məlumatlar əldə ediləcək. Bununla da qədim insanların məişəti, həyat tərzi, məşğulluqları öyrəniləcək, həmin dövr üçün bölgədə xarakterik olan epidemik xəstəliklər müəyyənləşəcək. Həmçinin nekropoldan tapılmış metal əşyalar üzərində həyata keçirilən spektral analizlər onların tərkibinin öyrənilməsinə imkan verəcək. Sözügedən araşdırma xarici ölkələrlə ticari münasibətləri, həmin dövrdə sənətkarlığın inkişaf səviyyəsi, istifadə edilən metal əşyaların xammal mənbələrini müəyyənləşdirəcək.

“Elmi tədqiqatların davamı olaraq Daşkəsən rayonunun Çovdar kəndi və ətraf ərazilərin qədim geoloji epoxalarda heyvan və bitkilərin yaşayış şəraiti, həyat tərzi, bölgənin landşaftı və tədqiq olunan dövrdə ərazidə məskunlaşma sıxlığının öyrənilməsi də planlaşdırılıb.

“Layihə çərçivəsində Türkiyənin Hacettepe Universiteti Antropologiya fakültəsinin professoru, tanınmış antropoloq Yılmaz Selim Erdal ölkəmizə səfər edib. O, Çovdar nekropolunda aşkar edilmiş tapıntılar üzərində həyata keçirilən kameral tədqiqatlarla tanış olub, insan sümükləri əsasında DNT analizinin aparılması üçün müvafiq nümunələr götürüb.

“Qeyd edək ki, laborator tədqiqatlar Türkiyənin Hacettepe Universiteti, Orta Doğu Teknik Universiteti, Türkiyə Bilimsel və Teknolojik Araştırma Kurumu (TÜBİTAK) və İtaliyanın Milli Tədqiqatlar Şurasının (CNR) laboratoriyalarında həyata keçirilir. Bütün analiz nəticələrinin 2021-ci ilin sonunadək əldə edilməsi nəzərdə tutulub.

“Görülən işlər və onların nəticələrinin beynəlxalq səviyyədə təbliği məqsədi ilə beynəlxalq elmi dərgilərdə silsilə məqalələrin dərc edilməsi, o cümlədən hesabat və xüsusi nəşrin hazırlanması nəzərdə tutulub. 2 ildən çox müddət ərzində davam etdirilən layihənin əsas məqsədi qədim mədəni irsimizin tədqiq və təbliğ olunması, onların konservasiya edilərək gələcək nəsillərə çatdırılmasıdır.

“Qeyd edək ki, “AzerGold” QSC “Çovdar” qızıl yatağının sulfid mərhələsi üzrə davam etdirilən istismara hazırlıq işləri çərçivəsində ərazidə yeni maddi mədəniyyət qalıqlarının aşkarlanması ehtimalını da xüsusi diqqətdə saxlayır”, – deyə məlumatda bildirilir.

Mission News Theme by Compete Themes.