Bayraqdar.info – Sentyabrın 28-də Bakının Xəzər rayonunun Mərdəkan qəsəbəsində Dövlət Sərhəd Xidmətinin Xüsusi Məktəbinin yeni korpusunun açılışı keçirilib.
Bu barədə xəbər bayraqdar.info-ya DSX-nın Mətbuat Mərkəzindən verilib.
Xəbərdə qeyd edilir ki, bu münasibətlə keçirilmiş tədbirdə DSX rəisinin müavini, general-leytenant C.Abdullayev çıxış edərək DSX-nin rəisi, general-polkovnik Elçin Quliyevin təbriklərini çatdırıb.
“Prezident, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Respublikasının Ermənistan üzərində parlaq qələbə qazandığı, torpaqların işğaldan azad edildiyi, üçrəngli zəfər bayrağının sərhədlər boyunca dalğalandırıldığı, Vətən müharibəsində DSX-nın döyüş tapşırıqlarını uğurla icra etdiyi qeyd edilib. Sərhədçilərin qəhrəmanlıq və igidlik nümunələri göstərdikləri, qalibiyyət dastanı yazdıqları vurğulanıb.
“Çıxışda Azərbaycanın sərhəd təhlükəsizliyinin təmin edilməsi üçün vətənpərvər, bilikli, savadlı, texnoloji yenilikləri mənimsəməyə və tətbiq etməyə qabil müasir dünyagörüşlü kadrların yetişdirilməsində, fərdi xüsusiyyətlərini, maraq və potensial imkanlarını nəzərə almaqla hər bir kursantın DSX-nın Akademiyasında ali hərbi təhsil üçün hazırlanmasında Xüsusi Məktəbin böyük rolu olduğu da diqqətə çatdırılıb.
“H.Əliyev Fondunun dəstəyi ilə 2011-ci ildə qurularaq fəaliyyətə başladığı dövrdən qısa müddət ərzində məktəbin ölkədə böyük nüfuz qazandığı, tədris müəssisəsinin açılış mərasimində, eləcə də, 2018-ci ildə ikinci korpusun istifadəyə verilməsi tədbirində birinci vitse-prezident Mehriban Əliyevanın iştirak etməsinin ölkə rəhbərliyinin sərhəd mühafizəsi məsələlərinə növbəti ali qayğısının və diqqətinin təzahürü olduğu vurğulanıb.
“Məktəbdə təhsil alan kursantların tədris, istirahət və təminat məsələlərinin daim diqqət mərkəzində saxlanıldığı, yeni korpusun istifadəyə verilməsinin onların istirahəti, asudə vaxtının daha da faydalı keçirilməsi, fiziki, intellektual və yaradıcı məşğuliyyətləri üçün geniş imkanlar yaradacağı bildirilib.
“Tədbirdə H.Əliyev Fondunun nümayəndəsi Cəmil Əliyev çıxış edərək məktəbin yeni korpusunun istifadəyə verilməsi, eləcə də, tədris ilinin başlaması münasibətilə kursantları təbrik edib, onlara dərslərində müvəffəqqiyyətlər arzulayıb.
“Açılış mərasimindən sonra iştirakçılar yeni korpusda yaradılmış şəraitlə tanış olublar. 5 mərtəbəli binada 600 nəfərlik yataqxana, müasir avadanlıqlarla təchiz edilmiş idman zalı, inzibati, xidməti və növbətçi otaqlar, şəxsi heyətin asudə vaxtının səmərəli keçirilməsi üçün istirahət otaqları mövcuddur. Kursantların dərsdən sonrakı fəaliyyətlərinin nəzarətdə saxlanılması üçün videomüşahidə sistemi tətbiq edilib, korpusun ərazisində əsaslı tikinti-abadlıq işləri aparılıb, geniş yaşıllıq salınıb, ağaclar əkilib, sıra meydanı yaradılıb. Tədbir iştirakçıları Xüsusi Məktəbin tədris korpusunda da mövcud imkanlara, o cümlədən sinif otaqları, yeməkxana, idman zalı, futbol meydançası və su hovuzuna baxış keçiriblər.
“Tədbirin sonunda Xüsusi Məktəbin kollektivi ilə xatirə fotoşəkli çəkdirilib”, – deyə xəbərdə bildirilir.