Press "Enter" to skip to content

Minaya düşmə faktı ilə bağlı cinayət işi başlanıb

Bayraqdar.info – İyulun 30-da Daşkəsən rayon sakinləri – 2010-cu il təvəllüdlü Qismət Bayramov və 2000-ci il təvəllüdlü Ülfət Rüstəmovun kənd təsərrüfatı işləri ilə məşğul olmaq məqsədi ilə evdən çıxaraq itkin düşmələri barədə rayon polis şöbəsinə məlumat daxil olmuşdu. Hər iki şəxsin axtarılması istiqamətində intensiv əməliyyat-axtarış tədbirləri aparılıb.

Sentyabrın 24-də rayon prokurorluğuna daxil olmuş məlumata əsasən, Göygöl-Kəlbəcər rayonu, Murovdağ silsiləsindəki düşmən tərəfindən minalanmış ərazidə Qismət Bayramov və Ülfət Rüstəmova aid meyit fraqmentləri aşkar edilib. İlkin ehtimala görə adıçəkilən şəxslər minaya düşmələri nəticəsində həyatlarını itiriblər.

Bu məlumat bayraqdar.info-ya sentyabrın 29-da Baş Prokurorluqdan daxil olub.

“Prokurorluq və polis əməkdaşları, o cümlədən prokuror-kriminalistlər tərəfindən məhkəmə-tibb ekspertinin və Minatəmizləmə Agentliyinin əməkdaşlarının iştirakı ilə hadisə yerinə keçirilən baxış zamanı meyit qalıqları və müxtəlif geyim əşyaları aşkar edilib. Həmin fraqmentlərin Qismət Bayramova və Ülfət Rüstəmova aid olub-olmamasını müəyyən etmək məqsədilə məhkəmə tibbi-genetik ekspertizası təyin edilib.

“Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə başlanmış cinayət işi üzrə Baş Prokurorluğun İstintaq idarəsi tərəfindən istintaq davam etdirilir. Nəticəsi barədə əlavə məlumat veriləcək”, – deyə məlumatda bildirilir.

Mission News Theme by Compete Themes.